...

Türkiyədə daşınmaz əmlakın satışı qaydaları sərtləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2014 10:35 (UTC +04:00)
Türkiyədə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda dəyişikliklər qüvvəyə minib.
Türkiyədə daşınmaz əmlakın satışı qaydaları sərtləşdirilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərə görə, ölkədə kupçisiz və sığorta olmadan daşınmaz əmlakın satışına qadağa tətbiq edilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Milliyyət" qəzeti xəbər yayıb.

Bununla əlaqədar, ölkənin bir sıra vilayətlərində, eləcə də Ankara və İstanbul kimi böyük şəhərlərində daşınmaz əmlakın satışı dayandırılıb.

Qəzetin məlumatına görə, tikinti şirkətləri kupçisiz və sığorta olmadan daşınmaz əmlakın satışına tətbiq edilən qadağa ilə bağlı narazılıqlarını ifadə edirlər.

Qəzetin Türkiyənin Daşınmaz Əmlak Assosiasiyasına (GYODER) istinadən verdiyi məlumata görə, daşınmaz əmlak üçün kupçinin alınmasına beş aydan artıq vaxt lazım gəlir ki, bu da ölkənin daşınmaz əmlak bazarına təsir edir.

Qanundakı digər dəyişikliklərə görə, bundan sonra istehlakçılarla müqavilələr ən azı 12 bənddən ibarət olmalıdır və müqavilənin şərtləri istehlakçının maraqlarının ziyanına dəyişdirilə bilməz. Malların yararlılıq müddəti haqqında məlumat türk dilində göstərilməlidir.

Mala edilən endirimlə bağlı istehlakçını çaşdıran şirkət barəsində cərimə tətbiq ediləcək.

İstehlakçılarla bağlanan yeni müqavilələrdə əlavə tələblər irəli sürülməyəcək.

Bundan əvvəl, 2013-cü ilin noyabrında "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda artıq dəyişiklər edilib. Həmin dəyişikliklərə görə, Türkiyədə kreditin razılaşdırılmış müddətdən əvvəl ödənişinə görə ölkə banklarına kompensasiyanın ödənişi ilə bağlı prosedur ləğv edilib.

Həmin dəyişikliklərə görə, ölkədəki banklar krediti razılaşdırılmış vaxtdan əvvəl ödəyən istehlakçıların kreditləri üzrə faiz dərəcələrini azaltmalıdırlar.

Bundan başqa, əgər bundan əvvəl kreditlərin sığortalanması icbari prosedur idisə, indi o, könüllü xarakter daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti