...

Sevinc Həsənova: Azərbaycanın rəqabət qabiliyyətlilik reytinqində mövqeyi xarici səhmdarlar üçün müsbət işarədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2014 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycanın Dünya İqtisadi Forumunun (DİF) rəqabət qabiliyyətlilik reytinqində mövqeyinin yaxşılaşması xarici səhmdarların biznes qərarlarına təsir edəcək. Bunu çərşənbə günü Trend-ə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deyib.

Azərbaycan dünya ölkələrinin rəqabət qabiliyyətlilik reytinqində öz mövqeyini 1 pillə yaxşılaşdıraraq 144 ölkə arasında 38-ci yeri tutub. Bu barədə DİF-in dərc etdirdiyi 2014-2015-ci illərdə qlobal rəqabət qabiliyyətliliyi üzrə hesabatda deyilir.

Onun sözlərinə görə, Azərbaycanın reytinq qiymətləndirilməsində müsbət dəyişiklik biznes mühitə və səhmdarların biznes gözləntilərinə müsbət təsir edəcək.

S.Həsənova qeyd edib ki, Azərbaycanda siyasi sabitlik təmin edilib: "Ümumilikdə ölkənin inkişafı, eləcə də makroiqtisadi sabitlik bununla izah edilir və biznesin inkişafı üçün şərait yaradılıb. Bu baxımdan Azərbaycanın reytinqdə mövqeyi iqtisadi strukutlara, işgüzar dairələrə və ümumlikdə dünya ictimaiyyətinə müsbət işarə verir".

Nazir müavini əlavə edib ki, Azərbaycanın reytinqdə mövqeyinin yaxşılaşması ölkə rəhbərliyinin apardığı uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir: "Azərbaycan son 10 ildə iqtisadi və sosial sahələrin inkişafında yüksək nəticələrə nail olub. Ölkənin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. İqtisadiyyatın qeyri-neft sektorunun artım tempi son 10 ildə orta hesabla 10 faiz təşkil edib. 2013-cü ilin nəticələrinə görə, ölkə ÜDM-i 5,8 faiz, qeyri-neft sektoru isə 10 faiz artıb. Hökumət iqtisadiyyat və infrastrukturun inkişafı, eləcə də sosial proqramların həyata keçirilməsi üçün böyük səy göstərir və irimiqyaslı tədbirlər görür".

Onun sözlərinə görə, hazırda ölkədə həyata keçirilən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin gücləndirilməsi üzrə prioritetlərin biri qismində müəyyən edilib: "DİF-in cari hesabatı bu konsepsiyanın uğurla icra edildiyini təsdiq etdi. Azərbaycan 10 il ərzində 69-dan 38-ci pilləyə yüksəlib, son 6 ildə isə MDB ölkələri arasında liderliyini qoruyur. Azərbaycan makroiqtisadi sabitliyin səviyyəsi üzrə ilk onluğa daxil olaraq dünya ölkələri arasında (araşdırmada iştirak etmiş) 9-cu yeri tutub. Hesabatda bütün inkişaf etmiş ölkələrin nəticələrinin qeyd edildiyini nəzərə alsaq, bu, çox yüksək nəticədir. Azərbaycan inflyasiyanın aşağı səviyyəsinin göstəricisinə görə dünyada birinci yeri tutur. Ötən il inflyasiyanın ümumdünya göstəricisi təqribən 3,6 faiz idisə, Azərbaycanda bu rəqəm 2,4 faiz olub".

S.Həsənova vurğulayıb ki, gələcəkdə makroiqtisadi sabitliyin təmin edilməsi və infrastrukturun inkişafı üzrə tədbirlər davam etdiriləcək: "Azərbaycanda, həmçinin biznes mühitin yaxşılaşdırılması üzrə tədbirlər görülür, yüksək texnoloji avadanlıqların və ən qabaqcıl texnologiyaların ölkəyə cəlb edilməsinə yönəlmiş innovativ siyasət yürüdülür. Azərbaycanın dünya kosmik sənayesinə daxil olması da ölkənin beynəlxalq hesabatlarda mövqeyinin gələcəkdə yaxşılaşacağına xidmət edir".

İndeksaltı reytinqə görə, ölkə istehlak qiymətlərinin indeksi üzrə 1-ci, makroiqtisadi mühit üzrə 9-cu, iqtisadiyyatda yığımlar üzrə 9-cu, dövlətin xarici borcunun həcmi üzrə 12-ci, fiksal balans üzrə 15-ci, qabaqcıl texnologiyalar üzrə 18-ci, əmək bazarının effektivliyi üzrə 33-cü, innovasiyalar üzrə 59-cu, infrastruktur üzrə isə 60-cı mövqedə qərarlaşıb.

Dünyanın ən rəqabət qabiliyyətli ölkəsi İsveçrədir. İsveçrə ilə yanaşı liderlər beşliyinə Sinqapur, ABŞ, Finlandiya və Almaniya daxildir.

DİF reytinqləri münasib statistik məlumatların kombinasiyasına və şirkət rəhbərlərinin sorğusunun, Dünya İqtisadi Forumunun milli tərəfdaşlarla birgə - hesabatda təhlil edilən ölkələrdə rəqabət qabiliyyətlilik və iqtisadi inkişaf məsələlərində ixtisaslaşmış aparıcı elmi tədqiqat institutları və şirkətlərlə keçirdiyi geniş illik tədqiqatın nəticələrinə əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti