Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:04-də yayılıb)
Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir Ənvər Məmmədov/
İran ticarət və energetika sahələrində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.
Trend-in məlumatına əsasən, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Tehrana qarşı iqtisadi, maliyyə və energetika sanksiyalarının ləğvinin ikitərəfli əlaqələrə təsiri ilə bağlı sualı şərh edərkən deyib.
Səfirin sözlərinə görə, son illər iki ölkə arasında əlaqələr sürətlə inkişaf edir, sanksiyaların ləğvi isə iki ölkə arasında əlaqələrin daha böyük inkişafına yardım edir: "Ötən il Bakıda iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçirilməsi əlaqələrimizin inkişafının təsdiqidir. Qeyd etmək istəyirəm ki, ilin sonunadək Tehranda hökumətlərarası komissiyanın növbəti iclasının (sayca onuncu) keçirilməsi planlaşdırılır".
M.Pakayin qeyd edib ki, avqustda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İrana səfəri gözlənilir: "Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin başçılığı ilə nümayəndə heyətinin səfərini gözləyirik. Nümayəndə heyətinin tərkibində iqtisadiyyatın müxtəlif sahələri, eləcə də özəl sektorun nümayəndələri təmsil olunacaq".
O, əlavə edib ki, İran Azərbaycanla tranzit əlaqəni də genişləndirmək niyyətindədir: "Tranzit sahəsində prioritet məsələ Rəşt-Astara dəmiryol xəttinin tikintisini başa çatdırmaqdır. Ümid edirəm ki, ölkələrimiz bu dəmiryol xəttinin tikintisinin tezliklə başa çatması üçün bu məsələdə daha sıx əməkdaşlıq edəcək. Bütün bunlar iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini göstərir".