Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/
Sentyabrın 4-də Şəkidə baş vermiş zəlzələnin fəsadları ilə əlaqədar Azərbaycanın sığorta şirkətlərinə təqribən 80 müraciət daxil olub. Ziyanın qiymətləndirilməsi 7-10 gün vaxt aparacaq.
Trend-in məlumatına görə, ötən günlər ərzində ən çox müraciət "AzSığorta" şirkətinə daxil olub. Şirkət hətta Fövqəladə Hallar Nazirliyi ilə birlikdə operativ reaksiya vermə üzrə mənzil-qərargah yaradıb.
Şirkətdən bildiriblər ki, hazırda Şəki və yaxın rayonlardan şirkətə 60-dan çox müraciət daxil olub: "Daxil olan müraciətlərin təqribən 50-si qeyri-yaşayış obyektlərindəki zərərlərə aiddir. Bunlar əsasən müxtəlif mağazalardır. Yaşayış obyektlərində zərərlər üzrə cəmi 10 müraciət daxil olub. Zərərin dəqiq məbləğini hesablamaq hələ mümkün olmayıb, lakin artıq demək olar ki, zərər yüz minlərlə manat təşkil edəcək".
"Başak İnam" sığorta şirkətinə də zəlzələdən dəymiş zərərə görə müraciət edilib. Şirkətdən bildiriblər ki, fövqəladə hallar üzrə regional komissiyalar zərərin zəlzələ ilə bağlı olub-olmadığını və ya onun bunadək baş verib-vermədiyini araşdırır: "Şirkətə 6 müraciət daxil olub - 4-ü İsmayıllıdan, hərəsindən 1-i olmaqla Biləsuvar və Cəlilabaddan. Həmin rayonların episentrdən uzaq olması ilə əlaqədar hazırda bu müraciətlərin yoxlanılması həyata keçirilir. Fövqəladə hallar komissiyası zərərlərin zəlzələyə görə yarandığını təsdiq etsə, ekspertlərimiz hadisə yerinə gedərək zərərin qiymətləndirilməsini aparacaq. Şirkət sığorta halları üzrə kompensasiya ödəməyə hazırdır".
"AXA MBASK" sığorta şirkətinin nümayəndələri deyiblər ki, şirkətə 8 müraciət daxil olub, onlardan biri əmlakın könüllü sığortası üzrədir: "Bizə Şəki rayonundan 4 müraciət daxil olub. Hazırda zərərin qiymətləndirilməsi aparılır. Bir müraciət əmlakın könüllü sığortası üzrə olub, lakin zərər cüzi idi və zərərin məbləği franşizdən az olub. Buna görə də bu hal üzrə kompensasiya ödənilməyəcək. Bu gün İmişlidən daha 3 və Goranboy rayonundan 1 müraciət daxil olub. Ekspertlərimiz artıq yerlərə gediblər".
"Atəşgah" sığorta şirkətinə isə Ağdaş rayonundan 2 müraciət daxil olub. Şirkətdən qeyd ediblər ki, müraciətlər şifahi olub və qiymətləndirmə prosesi hələ başlamayıb: "Zərərçəkənlər bizə heç bir sənəd təqdim etməyiblər. Bütün zəruri sənədlər təqdim edilən kimi qiymətləndirmə üzrə iş başlayacaq".