Bakı. Elmir Murad - Trend:
Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı Ümumdünya Gömrük Təşkilatının tövsiyyəsi ilə Azərbaycan Gömrük Xidməti tərəfindən həyata keçirilmiş "Mal və nəqliyyat vasitələrinin buraxılış vaxtının ölçülməsi" layihəsinin Mərkəzi Asiya ölkələrində tətbiqini tövsiyə edib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Komitənin Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev bunu Azərbaycan gömrüyünün növbəti önəmli uğurlarından biri kimi dəyərləndirib. İ.Babayev vurğulayıb ki, son illər Azərbaycanın iqtisadi, siyasi, mədəni və digər sahələrdə əldə etdiyi uğurlar gömrük xidmətindən də yan keçməyib.
Bu sahədə ölkəmizin gömrük orqanları da üzərinə düşən vəzifənin yerinə yetirilməsi məqsədilə mühüm addımlar atır. Gömrük işinin təşkilində innovasiya texnologiyalarına geniş yer verilməsi idxal-ixrac əməliyyatlarının və yükdaşımaların sürətləndirilməsi və asanlaşdırılmasında mühüm rol oynayan amildir. Dövlət Gömrük Komitəsi tərəfindən təşkil edilən "Elektron gömrük xidmətləri", eləcə də yaxın zamanlarda tətbiq ediləcək və biznes-gömrük əməkdaşlığında mühüm addımlardan biri hesab olunan elektron bəyannamə sistemi bu istiqamətdə atılan mühüm addımlardır.
Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmış "Mal və nəqliyyat vasitələrinin buraxılış vaxtının ölçülməsi" (TRS) layihəsinin Azərbaycan modeli isə analoqları ilə müqayisədə ən mütərəqqi model hesab olunur.