...

“Moody’s” agentliyi Kapital Bankın reytinqini təsdiqlədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2016 11:27 (UTC +04:00)

Bakı. Trend:

"Moody's" agentliyi Kapital Bankın reytinqini təsdiqlədi.

Bankdan Trend-ə verilən məlumata görə, "Moody's Investor Service" beynəlxalq agentliyi Kapital Bank ASC-nin hazırki kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) "b1", yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqini isə "Ba3" səviyyəsində təsdiqləyərək, dəyişilməz olaraq saxlayıb.

Kontragentin uzunmüddətli risk dəyərləndirməsini "Ba2(cr)", qısamüddətli risk dəyərləndirməsini isə "Not Prime(cr)" səviyyəsində təsdiq edib.

Hesabatda həmçinin qeyd olunur ki, ötən ilin dekabrında üzən məzənnə rejiminə keçid nəticəsində ölkədə milli valyutanın dəyərdən düşməsi və yüksək dollarlaşma bankların aktivlərinin keyfiyyətinə və mənfəətliliyinə mənfi təsir göstərib. Ölkədəki makroiqtisadi dəyişikliyi rəhbər tutaraq, agentlik Kapital Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnozunu "stabil"dən "neqativ"ə dəyişdirib.

"Çətin iqtisadi mühitə baxmayaraq növbəti 12 ay ərzində Kapital Bank mənfəətlilik dərəcəsini qoruyub saxlayacaq. Qeyd olunub ki, Bank kifayət qədər kapital ehtiyatına malikdir və 1 yanvar 2016-cı il tarixinə qədər Bankın kapital yetərliliyi və likvidlik əmsalları yaxşıdır. Korporativ müştərilərə, hökümət strukturlarına və büdcədən vəsait alanlara və digər ödəmə qabiliyyəti olan müştərilərə Bankın kredit verməsi mümkün riskləri qismən azaldır. Digər banklarla müqayisədə Bankın xarici valyuta riskinə məruz qalma səviyyəsi nisbətən mülayimdir" deyə hesabatda qeyd olunur.

Qeyd edək ki, "Moody's Investor Service" beynəlxalq agentliyinin Kapital Banka verdiyi reytinqlər yerli kommersiya bankları arasında ən yüksək reytinqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti