...

Azərbaycanın 2017-ci il dövlət büdcəsi proqnozlarının hazırlanmasına start verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2016 16:34 (UTC +04:00)
Nazirlər Kabineti 2017-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Prezidentinə vaxtında təqdim edilməsi məqsədilə sərəncam verib.
Azərbaycanın 2017-ci il dövlət büdcəsi proqnozlarının hazırlanmasına start verildi

Bakı. Trend:

Nazirlər Kabineti 2017-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Prezidentinə vaxtında təqdim edilməsi məqsədilə sərəncam verib.

Sərəncamda qeyd olunur ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli fərmanının 2-ci hissəsinin beşinci abzasına əsasən, Azərbaycanın 2017-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Prezidentinə vaxtında təqdim edilməsi məqsədilə "Büdcə sistemi haqqında" qanunun və Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın müvafiq müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə, Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2016-cı il sentyabrın 15-dək, İqtisadiyyat Nazirliyi Azərbaycanın növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2016-cı il sentyabrın 10-dək, həmçinin həmin qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb Azərbaycan Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim etsinlər.

Maliyyə Nazirliyinə 2017-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanmasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq gəlirlər və xərclər üzrə komissiyaların tərkibinə dair təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Dövlət Statistika Komitəsi cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə 2015-ci ilin ilkin statistik məlumatlarını 2016-cı il fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edəcək; növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə və digər əlaqədar təşkilatlara mütəmadi olaraq təqdim edilməsini təmin edəcək.

2014-2015-ci illər üzrə Vergilər Nazirliyi əlavə dəyər vergisi ödəyiciləri üzrə (fəaliyyət göstərdiyi şəhər və rayonlar göstərilməklə) hesablanmış və dövlət büdcəsinə daxil olmuş vergilərə, Dövlət Gömrük Komitəsi ölkə ərazisinə idxal olunan mallar üzrə tətbiq edilən əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunmuş hüquqi və fiziki şəxslər və onların idxal göstəricilərinə, Əmlak Məsələləri Dövlət Komitəsi hər bir hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə dövlət mülkiyyətinin və torpaqların icarəyə verilməsi ilə bağlı hesablanmış və dövlət büdcəsinə daxil olmuş vəsaitə, Dövlət Sosial Müdafiə Fondu hər bir hüquqi və fiziki şəxs üzrə hesablanılmış və Fonda ödənilmiş məcburi dövlət sosial sığorta ayırmalara dair məlumatları 2016-cı il aprelin 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etməlidirlər.

Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlar dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarında müvafiq dəyişikliklər edilməsi məqsədilə təkliflərini 2016-cı il martın 1-dək Nazirlər Kabinetinə, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədilə 2016-cı il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2016-cı il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim edəcəklər.

Maliyyə Nazirliyi 2017-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2016-cı il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2016-cı il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2016-cı il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2016-cı il iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim edəcək.

İqtisadiyyat Nazirliyinə 2016-cı il dəqiqləşdirilmiş, 2017-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2017-ci il üçün ilkin proqnozlarını 2016-cı il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədilə dövlət investisiya proqramının layihəsini 2016-cı il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etmək; 2017-ci il və sonrakı üç il üçün Ümumi Daxili Məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, ortaaylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2016-cı il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2016-cı il avqustun 1-dək Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək; 2017-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri üzrə makroiqtisadi çərçivənin müəyyən olunması üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq komissiyanın tərkibinə dair təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Azərbaycan Vergilər Nazirliyinin regional və yerli bölmələri Vergilər Nazirliyinin və Maliyyə Nazirliyinin razılaşdırdığı formalara və cari il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini 2016-cı il iyunun 1-dək Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim etməlidirlər.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilir ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin təlimat məktubuna uyğun olaraq lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını hazırlamaq üçün 2016-cı il iyulun 15-dək Azərbaycan İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, dövlət büdcəsindən müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar, həmçinin yerli icra hakimiyyətləri Azərbaycan Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ilə birlikdə qanunvericiliklə müdafiə olunan xərclər istisna olmaqla, digər xərclər üzrə qənaət rejimi gözlənilməklə, növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini hazırlayıb (hər bir Dövlət Proqramı üzrə xərclər ayrıca göstərilməklə) 2016-cı il iyulun 1-dək Azərbaycan Maliyyə Nazirliyinə təqdim edəcəklər.

Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlara növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir Dövlət Proqramı üzrə xərclərin və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələb olunan vəsaitin məbləği ayrıca göstərilməklə) və büdcə prosesinin təkmilləşdirilməsinə dair təkliflərini 2016-cı il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etmək; dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatları hər rübdən sonrakı ayın 15-dək Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.

Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Dövlət Neft Fonduna növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2016-cı il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2016-cı il iyulun 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun, Maliyyə Nazirliyi "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu"nun növbəti büdcə ili və gələn üç il üçün büdcə layihələrinin ilkin variantını 2016-cı il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2016-cı il iyulun 1-dək İqtisadiyyat Nazirliyinə təqdim edəcəklər.

Bələdiyyələrə tövsiyə edilir ki, yerli sosial müdafiə, ekoloji, həmçinin iqtisadi və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi ilə bağlı layihələrin həyata keçirilməsi, qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə həvalə edilən əlavə səlahiyyətlərin maliyyələşdirilməsi, həmçinin dövlət büdcəsindən yerli büdcələrə, maliyyə yardımı (dotasiya) və subvensiya ayrılması üçün təkliflərini martın 15-dək və "Büdcə sistemi haqqında" qanunun 11.14-cü maddəsində göstərilən sənədləri və məlumatları 2016-cı il mayın 1-dək Maliyyə Nazirliyinə təqdim etsinlər.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, dövlət idarə və təşkilatlarının, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərin rəhbərlərinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilir ki, İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin təlimat məktublarına uyğun olaraq, 2017-ci il və sonrakı üç il üzrə dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün müvafiq məlumatları və sənədləri 2016-cı il martın 1-dək İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2016-cı il iyulun 1-dək aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları hazırlayıb Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdim etməli; dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları, həmçinin beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması ilə bağlı təkliflərini hazırlayıb Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Azərbaycan Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi, ölkənin növbəti büdcə ili və gələn üç il üçün dövlət büdcəsi layihəsinin, iqtisadi və sosial inkişaf konsepsiyasının və toplu maliyyə balansının tərtibi üçün əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, digər hüquqi şəxslərdən, bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət fondlarından tələb edəcəklər.

Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən nazirliklər, komitələr və digər təşkilatlar, müvafiq dövlət fondları, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarə və şöbələri növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən, Azərbaycan Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etməlidirlər.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti