...

Müasir menecmentdə və sahibkarlıqda PR-ın yeri və rolu (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2016 20:22 (UTC +04:00)

Bakı. Trend:

İşgüzar fəallıq, sahibkarlıq, idarəetmə fəaliyyəti insan cəmiyyəti ilə, demək olar ki, eyni vaxtda meydana gəlib. Tarixdə həmişə görkəmli siyasi xadimlər, sənayeçilər, tacirlər, sahibkarlar olmuşdur ki, onlar öz işlərini uğurla aparmaq üçün müəyyən işçiləri bu işə cəlb ediblər. Ona görə də həm biznesin, həm menecmentin, həm də PR-ın (Public Relations – ictimai münasibətlər) tarixini qədim Misirdən və antik Yunanıstandan başladığını hesab etmək olar. Lakin peşəkar biznes XIX əsrin ikinci yarısında meydana gəlib. Fəaliyyəti xüsusi peşəkarların – menecerlərin rəhbərliyi ilə işgüzar fəallığın həyata keçirilməsinə yönəldilmiş ilk firmalar – sosial təşkilatlar (sosial institutlar) məhz bu dövrdə yaranmışdı.

Peşəkar biznes olduqca intensiv və köklü təkamül yolu keçib. Mütəxəssislərin fikrincə, son 20 ildə şirkətlərin ümumi dəyərində nüfuzun dəyəri 15%-dən 82%-ə qədər artıb. Eyni zamanda, nüfuzun 1% aşağı düşməsi firmanın bazar dəyərinin 3% düşməsi deməkdir.

Məlum olub ki, müasir menecer nəinki texnokrat, maliyyəçi və marketoloq, hətta kulturoloq, həm də siyasətçi olmalı, ictimaiyyətlə geniş dialoqa hazır olan şəxs olmalıdır. Məhz müasir dövr ön plana marketinqin bir növü, irəliləyiş strategiyasının informasiya tərkib hissəsi kimi PR-ı çıxarıb.

PR müasir idarəetmə fəaliyyətinin ayrılmaz hissəsidir. PR-ın fəaliyyət sahəsi ictimai kommunikasiyadır. Bəs, PR azad sahibkarlığa nə verir, sahibkarlar üçün PR-ın işi nəyə görə zəruridir? Bu və digər suallara cavab almaq üçün "AtaHolding" Şirkətlər Qrupunun Korporativ kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanovaya müraciət etdik. Yeni il öncəsi görüşümüz “AtaTexnologiya” MMC-nin yeni məhsulunun - “HRM360” proqram təminatının təqdimatına həsr edilmiş mətbuat konfransında baş tutdu. Mətbuat konfransından sonra Dilarə xanım suallarımızı cavablandırdı. Həmin müsahibəni nəzərinizə çatdırırıq.

- Dilarə xanım, əvvəlcə “AtaHolding" Şirkətlər Qrupunun strukturu barədə məlumat verməyinizi xahiş edirəm.

- Azərbaycana müasir holdinq idarəetmə mədəniyyətini gətirən və bunu müasir idarəetmə standartlarına müvafiq olaraq təşkil edən "AtaHolding" 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk olaraq maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başladı. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. “AtaHolding”-in maliyyə sektorunda “AtaBank” ASC, “AtaSığorta” ASC, “AtaLizinq” ASC, turizm sektorunda “AtaTurizm” MMC, "AtaTravel" MMC və 5 ulduzlu “Excelsior Hotel & Spa Baku” oteli və İnformasiya Texnologiyaları sahəsində “AtaTexnologiya” MMC şirkətləri fəaliyyət göstərir. “AtaHolding” 2008-ci ildə Rusiyanın ən böyük maliyyə qruplarından biri olan “VTB Qrup”un Azərbaycanda açdığı Bank VTB (Azərbaycan) ASC-nin (48,99%) səhmdar kapitalına sahib olmuşdur. "AtaHolding"-ə daxil olan Törəmə Təsərrüfat Cəmiyyətlərində fəaliyyət yüksək peşəkarlıq, yeni texnologiyaların tətbiqi və korporativ idarəetmə prinsipləri üzərində qurulmuşdur. “AtaHolding” və onun Törəmə Təsərrüfat Cəmiyyətlərində beynəlxalq audit şirkəti tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin auditi keçirilir. “AtaHolding” Şirkətlər Qrupu Azərbaycanda BMHS-ə uyğun Konsolidə hesabat hazırlamış və müvafiq olaraq beynəlxalq audit şirkəti tərəfindən bu hesabat audit olunmuşdur. Holdinq Beynəlxalq mühasibat uçotu standartlarına uyğun uçot sistemini və Beynəlxalq Daxili Audit standartlarına uyğun Daxili nəzarət sistemini təşkil etmiş və bununla da “AtaHolding” Şirkətlər Qrupunun fəaliyyətinin şəffaflığını təmin etmişdir. “AtaHolding” Azərbaycanın həm fiziki, həm də intellektual resurslarından səmərəli istifadə etmək, yeni iş yerləri yaratmaq üçün sərmayə qoymaq, səhmdarlar, işçilər və müştərilərin məmnunluğunu yüksək səviyyədə təmin etmək və nəticədə Azərbaycanın rifahı və iqtisadi inkişafına dəstək olmağı qarşısına məqsəd qoymuşdur. "AtaHolding" sosial yönümlü proqramlarda, xeyriyyə tədbirlərində yaxından iştirak edir, ölkə mədəniyyəti və incəsənətinin, idmanın inkişafı və təhsilin səviyyəsinin daha da artırılması məqsədilə həyata keçirilən layihələri dəstəkləyir. “AtaHolding”in KSM sahəsində uzunmüddətli sponsorluq müqavilələri vardır.

- Sizin üçün ictimaiyyətlə iş nə deməkdir?

- İctimaiyyətlə iş mənim birbaşa peşə vəzifəmdir. Deyə bilərəm ki, buna tam iş günümlə yanaşı, praktiki olaraq asudə vaxtımın bir hissəsini də verirəm. Bunu həmin sahənin spesifikası tələb edir. Bununla əlaqədar olaraq, hər şeyi çatdırmaq və vaxt çatışmazlığı hiss etməmək üçün öz vaxtını səmərəlii idarə etmək vərdişi yaranır. Həmçinin, effektiv fəaliyyət üçün kollektivdə komanda ruhu olmalıdır, biz şöbədə hər şeyi bir-birinə məlumat verməklə edir, şöbə daxilində işi dostluq, kollektivçilik və qarşılıqlı yardım üzərində qururuq.

- Həmkarlarınıza bu işdə hansı məsləhətləri vermək istərdiniz?

- Hazırkı dövr peşəkarlar dövrüdür, belə ki, peşəkar komanda, peşəkar şirkət uğurun qarantıdır. Əlbəttə, şirkətin korporativ mədəniyyətin qurulmasında düzgün siyasətinin də böyük rolu vardır, burada bütün əməkdaşlar üçün əlverişli və rahat iş şəraiti yaradılmış, hər bir əməkdaşın peşəkar kimi formalaşmasına hər cür köməklik göstərilir. Şirkətdə əməkdaşların peşə uyğunluğu səviyyəsinə gəldikdə isə hər zaman dəyişən yanaşmaları izləmək, geri qalmamağa çalışmaq və daim ixtisası artırmaq vacibdir. Bunun üçün treninqlərə getmək, dəyirmi masalarda iştirak etmək, fikir mübadiləsi aparmaq, uğurlu təcrübələrə yiyələnmək –bütün bunları ictimai əlaqələr sahəsində çalışan həmkarlarıma tövsiyə edərdim.

- Şirkətinizin PR dəstəyi yüksək səviyyədə həyata keçirilir. Bu, ilk növbədə, uğurlu biznes fəaliyyyəti ilə bağlıdır. PR sahibkarlığa nə verə bilir?

- Şübhəsiz ki, müasir dünyada böyük holdinqin fəaliyyəti uğurlu PR dəstəyi olmadan mümkün deyil. Düşünürəm ki, bu, bir həqiqətdir – cəmiyyətdə məhz uğurlu şirkət, iş yerlərini təmin edən və müsbət maliyyə göstəriciləri sayəsində sosial həyatda iştirak edən şirkət tələb olunandır. Biznesin səviyyəsindən və PR ilə əhatəliliyindən asılı olmayaraq, biznesdə qazanılan uğurlar ilə PR-ın səmərəli fəaliyyəti arasında bilavasitə asılılıq vardır. Məhz buna görə son vaxtlar dünya biznesində bu iki anlayışın yaxınlaşmasını aydın müşahidə etmək olar. PR fəaliyyəti nəticəsində biznesin, məsələn, sahibkarların mal və xidmətləri ictimaiyyətə tanıdılır, təbliğ edilir. İlk növbədə, kütləvi informasiya vasitələrinə informasiya şəklində çatdırılan bu mal və xidmətlər geniş istehlakçı kütləsinə yol tapır.

- Holdinqdə Korporativ Sosial Məsuliyyət (KSM) və sosial layihələr haqqında fikirlərinizi bilmək istərdik.

- “AtaHolding” öz fəaliyyətinin lap əvvəlindən sosial proqramlarda, xeyriyyəçilik tədbirlərində fəal iştirak edir, həmçinin, mədəniyyət və incəsənətin inkişafı, ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində layihələrə dəstək verir. Bu gün “AtaHolding” KSM sahəsində bir sıra uzunmüddətli sponsor öhdəliyini üzərinə götürmüşdür və sosial layihələrdə fəal iştirak etdiyinə görə çoxlu sayda mükafatlara layiq görülmüşdür. Tez-tez xeyriyyəçilik aksiyaları keçirir, valideyn himayəsindən məhrum olan uşaqlar üçün müxtəlif bayramlar təşkil edirik. Uzun müddətdir ki, holdinq “Nə? Harada? Nə vaxt?” intellektual televiziya oyununun sponsorlarından biridir. Biz, eyni zamanda, müntəzəm olaraq turizm sahəsində təhsil alan tələbələr üçün treninqlər keçiririk. Bu zaman öz kollektivimizi də unutmuruq, belə ki, hər il may ayında ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş böyük futbol turniri keçiririk. Holdinq öz əməkdaşları arasında idmanın müxtəlif növləri üzrə tez-tez yarışlar keçirir, qeyri-rəsmi şəraitdə ünsiyyət qurmaq məqsədilə bu yarışlara iştirakçı qismində jurnalistləri də dəvət edirik. Hazırda “AtaHolding” Beynəlxalq Güləş Federasiyasının baş sponsorudur.

- Konkret olaraq həyata keçirilmiş hansı layihələrin adını çəkmək istərdiniz?

- 2016-cı ildə həyata keçirdiyimiz tədbirləri şərti olaraq iki hissəyə bölmək olar: daxili və xarici kommunikasiyalar. Daxili kommunikasiyalardan yeddi tədbir həyata keçirilmişdir. Bunların arasında Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin və "AtaHolding" Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Ruhun şad olsun, Ustad!" adlı xatirə gecəsi, Xocalı faciəsinə həsr olunmuş gecəni, uşaq yazıçısı Məzahir Süleymanzadə ilə görüşü, holdinq əməkdaşlarının Respublika gününə həsr edilmiş “Nə? Harada? Nə vaxt” intellektual oyununda iştirakını, futbol turnirini, HR mütəxəssislərin dəyirmi masasını, Musiqi bayramını göstərmək olar. Xarici kommunikasiyalar planına əsasən on tədbir təşkil edilmişdir. Onlardan bəziləri, məsələn, “Nepaldan Papayaya səyahət” turunun prezentasiyası, “Excelsior Hotel & Spa Baku” otelinin təşkil etdiyi “Baku Fashion 2016” tədbirinin 2 sessiyasının rəsmi tərəfdaşlığı, PR-menecerlərin iştirakı ilə “Nə? Harada? Nə vaxt” intellektual oyununun keçirilməsi, PR üzrə treninq, “Naftalan-Çinar” otelinə info-tur, “Qalaaltı” istirahət mərkəzinə info-tur, “Excelsior Hotel & Spa Baku” otelində yay mövsümünün açılışı, PR mütəxəssislər üçün “Böhrandan əvvəl PR və Kommunikasiyalar” mövzusunda treninq və s. daha yaddaqalan olmuşdur.

- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz? Şirkətinizdə yaxın və uzaq perspektivdə hansı PR-aksiyalar gözlənilir?

- Azərbaycan Prezidenti İlham Əliyevin səyi sayəsində Azərbaycan özünü dünyaya sabitlik adası, inkişaf məkanı kimi təqdim etmişdir. İndi ölkədə dünya səviyyəli məhsullar istehsal edən yeni şirkətlər, fabriklər, zavodlar açılır. Sahibkarlığın inkişafı üçün bir sıra tədbirlər həyata keçirilir, güzəştli kreditlər verilir, yeni istehsallar və iş yerləri açılır, qeyri-neft sektoru inkişaf edir. Ölkədə biznes mühitinin əlverişliliyinin yüksəldilməsi milli iqtisadiyyatımızın praktiki olaraq bütün seqmentlərində təqdim olunan “AtaHolding” şirkətlər qrupunun fəaliyyətində də özünü göstərir. Perspektiv planlara gəkdikdə isə, demək olar ki, “AtaHolding”in törəmə müəssisələrində strateji planlaşdırma uzunmüddətli inkişafa, iqtisadi artımın daha yüksək sürətinin nail olunmasına yönəldilmişdir. “AtaHolding” Korporativ kommunikasiyalar şöbəsi 2017-ci ildə də müxtəlif maraqlı tədbirlər, layihələr həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti