...

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mənzil-qərargahı Bakıya köçürülə bilər (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2018 21:00 (UTC +04:00)
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin hazırda İranda yerləşən mənzil-qərargahı Azərbaycana köçürülə bilər.
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mənzil-qərargahı Bakıya köçürülə bilər (ÖZƏL)

Bakı. Əli Mustafayev - Trend:

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin hazırda İranda yerləşən mənzil-qərargahı Azərbaycana köçürülə bilər.

Bu barədə Trend-ə açıqlamasında TRACECA nəqliyyat sahəsi üzrə əməkdaşlıq proqramının milli katibi Akif Mustafayev deyib.

A.Mustafayev qeyd edib ki, ABŞ sanksiyaları İranın dəmir yolu infrastrukturunun inkişafı üçün böyük maneə törədir:

"İran dəmir yolu şəbəkəsinin tikintisi üzrə dəyəri milyardlarla ölçülən sazişlər imzalayan bir çox şirkətlər İslam Respublikasını tərk edir. İran, öz növbəsində, "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin mühüm iştirakçısıdır və böyük mənada, dəhlizin gələcək inkişafı ölkənin dəmir yolu infrastrukturundan asılıdır".

Milli katib xatırladıb ki, Azərbaycan Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi üçün İrana 500 milyon dollar məbləğində kredit verib:

"Bu istiqamətdə növbəti addım İran ərazisində Rəştdən Bəndər Abbas limanına qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsidir ki, bu da yeni sanksiya dalğasından sonra çətinləşib".

Onun sözlərinə görə, sanksiyalarla bağlı problemə baxmayaraq, Rəştdən Bəndər Abbas limanına qədər olan dəmir yolu TRACECA və "Şimal-Cənub" dəhlizləri üzrə yüklərin nəqlinin tam həyata keçirilməsi baxmından inşa olunmalıdır:

"Bu mürəkkəb vəziyyətə görə biz dəhlizin səmərəliliyini artırmaq üçün "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mənzil-qərargahını Bakıya köçürmək istərdik. Rəsmi Bakının həm ABŞ, həm Rusiya, həm də regionun digər ölkələri ilə yaxşı münasibətləri var".

A.Mustafayev əlavə edib ki, TRACECA çərçivəsində son illərdə 176 layihə reallaşdırılıb:

"TRACECA-nın Bakıdakı mənzil-qərargahı iri layihələrin keçirilməsi üzrə kifayət qədər təcrübəyə malikdir. Bu da "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin idarəsinin TRACECA-nın ofisinin bazasına köçürülməsi üçün əlverilşli zəmindir".

Onun fikrincə, bu addım müsbət nəticə verə bilər, bu istiqamətlərdə yük axını həcmlərinin arıtılmasına şərait yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti