...

Yaponiya Azərbaycan iqtisadiyyatına 7 milyard dollara yaxın investisiya yatırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2018 20:15 (UTC +04:00)
Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının icraçı direktoru ilə müzakirələr aparılıb
Yaponiya Azərbaycan iqtisadiyyatına 7 milyard dollara yaxın investisiya yatırıb

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının icraçı direktoru Kazuhiko Tanaka ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Ş.Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9 iclası keçirilib. Azərbaycanda ticarət, xidmət, kənd təsərrüfatı, tikinti, sənaye sahələrində 30 yapon şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycan iqtisadiyyatına 7 mlrd. dollara yaxın investisiya yatırıb ki, bunun 100 milyon dollardan çoxu qeyri-neft sənayesinə yönəldilib.

Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Ş.Mustafayev ölkələrimiz arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.

Ş.Mustafayev Yaponiya ilə digər sahələrdə olduğu kimi, maliyyə sahəsində də uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edib. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı 1996-cı ildən Azərbaycanla əməkdaşlıq edir, bir sıra layihələrə uzunmüddətli kredit ayırır.

İqtisadiyyat naziri ölkəmizin Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, Bankın “STAR" neft emalı kompleksinin tikintisi layihəsinə maliyyə ayırdığını vurğulayıb. Məlumat verilib ki, bu ilin sonunadək “STAR" neft emalı kompleksinin tikintisi layihəsi başa çatdırılacaq.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının icraçı direktoru K.Tanaka ölkəmizə səfərindən məmnunluğunu bildirərək, Bankın fəaliyyəti barədə məlumat verib.

Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti