...

Vergilər Nazirliyi növbəti vergidən yayınma faktlarını aşkarlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2006 17:32 (UTC +04:00)

Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti və Operativ Nəzarət İdarəsi külli miqdarda vergilərdən yayınma barədə daxil olmuş məlumata əsasən C.Qazıyevə məxsus istehsal və ticarət obyektlərində reydlər keçirib.

Trend agentliyi nazirliyə istinadən xəbər verir ki, yoxlama zamanı qara mühasibatlıq sənədləri götürülüb və aidiyyəti şəxslərin izahatları alınıb. Həmin obyektlərdə Türkiyədən idxal olunmuş külli miqdarda gizli santexnika malları tapılıb ki, vergidən yayınmaq üçün bu barədə vergi orqanlarına heç bir hesabat verilməyib.

Tədbir zamanı həmçinin müəyyən edilib ki, obyektdə Türkiyə Respublikasının "Beko" şirkətinin əmtəə nişanından istifadə etməklə qanunsuz yolla ölkəyə idxal edilmiş müxtəlif diametrli borular istehsal edə bilən avadanlıqlar mövcuddur və burada gizli şəkildə boru istehsal edilərək Türkiyə istehsalı olan məhsul adı altında daxili bazarda reallaşdırılır.

Nazirlik fiziki şəxs Bayramov Qulu Cəfərqulu oğlunun rəhbərlik etdiyi və məişət naqilləri və güc kabellərinin istehsalı ilə məşğul olan "Günəş" firmasının istehsal sexlərində və anbarlarında yoxlamalar keçirib, qara mühasibatlıq sənədləri götürülüb və aidiyyəti şəxslərin izahatları alınıb. Yoxlamalar nəticəsində istehsal göstəricilərinin təhrif edildiyi aşkarlanıb. Aydın olub ki, müəssisə vergi orqanlarına cüzi miqdarda vergi ödəyir, öz dövriyyələri barədə təhrif olunmuş məlumatlar verir və külli miqdarda vergilərdən yayınır.

Analoji yoxlamalar "Həsən A.Ş" və "Elmir" şirkətlərində də keçirilib. Reydlər nəticəsində istehsal göstəricilərinin təhrif edilməsi, əmək müqavilələrinin imzalanmaması və sair pozuntular aşkarlanıb.

Qeyd olunan bütün faktlar üzrə yoxlamalar davam etdirilir və dövlət büdcəsinə vurulmuş ziyanın məbləği müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti