18-23 sentyabr 2006-cı il tarixlərində, AB TACIS proqramının yardımı ilə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yerli iş adamları üçün seminarlar təşkil edib. Trend in AZPROMO-nın məluatına istinadən xəbər verdiyi kimi, tədbirlərdə qida sənayesi, tikinti, kimya, kənd təsərrüfatı və sair sahələri təmsil edən yerli iş adamları iştirak ediblər. Seminarlar Bakıda (18 sentyabr), Lənkəranda (19 sentyabr), Gəncədə (21 sentyabr) və Qubada (23 sentyabr) keçirilib.
Seminarlarda çexiyalı expert cənab Robert Heyzak "Birgə müəssisə partnyoru necə olmaq olar" mövzusunda, başqa bir çexiyalı ekspert, xanım Yana Falatova "Avropa Birliyi ölkələrinə ixracatçıya necə çevrilmək olar: klassifikasiyalar və standartlar, yanaşmalar" mövzusunda çıxışlar ediblər. AZPROMO-nun yerli iş adamları üçün təklif etdiyi imkanlar barədə Fondun Regional layihələri üzrə meneceri cənab Teymur Hacıyev məlumat verib.
İİN Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının Katibliyinin rəhbəri cənab Ağacan Əhmədov seminarların bölgələrin inkişafına mühüm tövhə verəcəyini vurğulayıb. Onun fikrincə, bu tədbirlərdə yerli iş adamları xarici bazarlara çıxış üçün yüksək rəqabət qabiliyyətli məhsul istehsal etmək imkanları ilə tanış olublar.
"Tədbirlər yerli iş adamlarının diqqətinə səbəb olub. Əminəm ki, seminarlarda təqdim olunan məlumat və təkliflər yerlərdə ixracın və investisiyaların artımına öz müsbət təsirini göstərəcək", - deyə AB TACIS layihəsinin icrası üzrə qrupun rəhbəri cənab Jan-Klod Ravo vurğulayıb.