...

Nazir: Azərbaycanda aqrar sahədə fəal artım müşahidə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2007 15:49 (UTC +04:00)
Nazir: Azərbaycanda aqrar sahədə fəal artım müşahidə olunur

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/ Azərbaycanda böyük diqqət qeyri-neft sahəsinə, xüsusən də artımı dörd ay ərzində yeddi faizi üstələmiş aqrar sahəyə ayrılır. Bu barədə çərşənbə günü Bakıda Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov 13-cü beynəlxalq "Qida Sənayesi"- Interfood Azerbaijan 2007 və birinci "Kənd təsərrüfatı"-Agrihort Azerbaijan sərgisinin açılışında bildirib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycanda kənd təsərrüfatı sahəsində əhəmiyyətli islahatlar aparılır. Bu gün keçirilən sərgilər də bunun nəticəsidir. "Bu cür sərgilərin keçirilməsi aqrar sahəyə investisiyaların cəlb olunmasına müsbət təsir edəcək", deyə nazir bildirib.

2006-cı illə müqayisədə Interfood Azerbaijan-2007 sərgisinin sahəsi 20-25 faiz, sərgi iştirakçıları-yerli şirkətlərin sayı 40 faiz artıb.

Nazirin fikrincə, sərginin həcm və iştirakçılarının sayının artması bu sahəyə olan marağı əks etdirir.

Sərgilər Heydər Əliyev adına İdman-Konsert Kompleksində 23-25 may tarixdə keçirilir. Sərgilərdə 20 ölkədən 90-dan çox şirkət iştirak edir. Sərgidə məhsullarını Azərbaycan istehlakçılarına təqdim edən yeni ölkələr Malayziya və Sinqapurdur.

Sərgidə əsasən aşağıdakı bölmələr təqdim olunub:

- ət və quş,

- balıq və dəniz məhsulları,

-süd məhsulları,

- konserv məhsulları,

- alkoqolsuz və alkoqollu içkilər,

- konditer və çörək-bulka məmulatları,

- çay və kofe,

- tərəvəz və meyvələr,

- uşaq və dietik qida,

- tütün məmulatları.

Bu il sərgidə ilk dəfə olaraq ştrix-kodlaşdırma üçün avadanlıq təqdim olunub. "Qida sənayesi" sərgisinin baş sponsoru "Azersun Holding" şirkətidir.

Hər iki sərgi Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanın Ticarət-Sənaye Palatası, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycanın Türkiyə Sənaye və Biznesmenləri Beynəlxalq Assosiasiyası - TUSİAB-ın rəsmi dəstəyi ilə keçirilir.

Sərginin təşkilatçıları kimi Iteca Caspian LLC şirkəti və onun əməkdaşı Britaniyanın ITE Group PLC sərgi təşkilatı çıxış edir.

Xəbər lenti

Xəbər lenti