...

BP və layihə üzrə tərəfdaşları "Yaşıl zərf" ekoloji layihəsini təqdim edib

Energetika Materials 19 Noyabr 2007 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bazar ertəsi BP şirkəti "Bakı-Tbilisi-Ceyhan" (BTC) və "Cənubi Qafqaz" boru kəmərləri üzrə tərəfdaşları adından ATƏT ilə birgə "Yaşıl zərf" ("Green Pack") layihəsini rəsmi olaraq təqdim edib. Bu birgə təşəbbüsün məqsədi şagirdlərin ətraf mühit məsələlərinə dair bilik səviyyələrinin artırılması və bütövlükdə Azərbaycan təhsilinə töhfə verməkdir.

"Yaşıl zərf" multimedia və interaktiv təhsil alətidir. Məqsəd məktəb müəllimləri və 1-11-ci sinif şagirdlərinin ətraf mühit sahəsində bilik səviyyəsini atırmaqdır.

Layihəyə 2004-cü ildə start verilib və layihənin iştirakçıları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Kürdəmir və Naxçıvan MR məktəblərində şagird və müəllim heyəti arasında paylanılması nəzərdə tutulan 1000-ə yaxın "Yaşıl zərf" hazırlamaq üçün üç il gərgin iş aparıblar. Zərfə pedaqoqlar üçün vəsaitlər, uşaqlar üçün dərslik, DVD filmlər toplusu, kompakt disklər və seçmə oyunlar daxildir.

"Yaşıl zərf" ideyası Böyük Britaniyada meydana gəlib və hazırda Polşa, Macarıstan, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Slovakiya, Rusiya, Albaniya, Belarus və Makedoniyada məktəb proqramının bir hissəsi kimi istifadə olunur. Bu tədris zərfi Azərbaycanda ətraf mühit məsələlərinə uyğunlaşdırılıb və Azərbaycan dilində buraxılıb.

"Yaşıl zərf"in Azərbaycan variantının işlənib hazırlanması birgə səylərin nəticəsidir və bu məqsədlə ətraf mühit məsələləri ilə məşğul olan aparıcı milli qeyri-hökumət təşkilatlarının, akademik institutların və tənzimləyici orqanların böyük qrupunun dəstəyi tələb olunub. Zərfin tərkibi Azərbaycanın Təhsil Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunub, daha sonra zərf rəsmi olaraq milli məktəblərin tədris proqramına daxil edilib.

Bununla yanaşı, layihə çərçivəsində regionlardan olan pedaqoq və metodistlər üçün təlimlər təşkil olunub ki, təlimlərin məqsədi "Yaşıl zərf"in şagirdlərə təqdim etmə üsullarını izah etməkdən ibarət olub. Təlimlərin məqsədi eləcə də təlimləri uğurla başa vuran pedaqoqların "Yaşıl zərf"in təbliğatçılarına çevrilməsini nəzərdə tutur.

BP və onun BTC və "Cənubi Qafqaz" boru kəmərləri üzrə tərəfdaşları ilə birlikdə ATƏT-in Bakı ofisi tərəfindən maliyyələşdirilən layihə Azərbaycanın "Davamlı inkişaf cəmiyyəti" QHT ilə əməkdaşlıq çərçivəsində Mərkəzi və Şərqi Avropa üçün Regional İqtisadi Mərkəz tərəfindən həyata keçirilir. Layihənin ümumi dəyəri 400 min dollardır. BP və tərəfdaşları layihəyə 300 min, ATƏT-in Bakı ofisi isə 100 min dollara yaxın vəsait ayırıb.

Xəbər lenti

Xəbər lenti