Azərbaycan, Bakı, 09 iyun/ Trend , müxbir İ.Xəlilova/ "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) ASC Almaniyanın Nordwind Energieanlagen GmbH şirkəti ilə Azərbaycanda külək - elektrik stansiyalarının tikintisi layihəsinin reallaşdırılmasına dair memorandumu ləğv edib. Bu barədə bazar ertəsi AİŞ-in icraçı direktorunun müavini Riad Qasımov məlumat verib.
AİŞ, "Temirmasin" ASC və Nordwind arasında üçtərəfli niyyət memorandum ötən ilin sentyabrında imzalansa da, alman şirkəti hələ də öz təkliflərini təqdim etməyib.
AİŞ bərpa olunan enerji mənbələrinə sərmayə yatırmağa hazırdır. Lakin bunun üçün, ilk növbədə, biznes-plan hazırlanmalı və layihəni idarə edəcək tərəfdaş lazımdır.
Nordwind-lə layihə üzrə Azərbaycanın Xızı rayonunda illik gücü 13200 MVt/s olan altı külək - elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Birinci mərhələdə, orta hesabla, 2200 MVt/s gücündə altı stansiyanın tikintisi nəzərdə tutulurdu. Gələcəkdə layihənin genişləndirilməsi və külək dəyirmanlarının sayının artırılması nəzərdə tutulurdu.
"Biz perspektivdə Koreyanın STX Energy şirkəti ilə alternativ energetikanın inkişafı layihəsini reallaşdırmağı planlaşdırırıq və həmçinin bu şirkətlə də niyyətlər memrandumu imzalanıb"- Qasımov qeyd edib.
STX Energy artıq Sənaye və Energetika Nazirliyi ilə ilkin məsləhətləşmələrə başlayıb. Qasımovun rəyinə görə, layihənin hazırlanması üzrə AİŞ ilə konkret danışıqlar ilin sonuna başlaya bilər. Belə ki, hazırda STX-in əsas diqqəti gəmiqayırma zavodunun tikintisi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına yönəlib.
Alternativ energetikanın inkişafı istiqamətində AİŞ və STX Energy arasında imzalanan niyyət memorandumuna müvafiq olaraq, $41 mln. dəyərində layihənin reallaşdırılması planlaşdırılır.
İlkin tədqiqatlara görə, Azərbaycanda beş il ərzində 100-dək alternativ elektrik enerjisi mənbəyi tikmək planlaşdırılır. Bu gün Azərbaycanda alternativ elektrik enerjisinin payı 1 faizə də çatmır , bu da kiçik su - elektrik stansiyalarının payına düşür.
Gücündən asılı olaraq, bir kiçik su - elektrik stansiyasının tikintisi 1 MVt-yə görə $600 mindən $1 mln.-dək qiymətləndirilir.
Hələ 1998-99-cu illərdə Yaponiyanın Tomen şirkəti Azərbaycanda tədqiqat aparıb və üç aylıq işin nəticələri üzrə hesabat hazırlanıb. Qobustanda 60 MVt gücündə külək- elektrik stansiyasının tikintisi $100 mln. qiymətləndirilib. Bu yer külək - elektrik stansiyasının tikintisi üçün daha ideal yerdir. Belə ki, Qobustanda, yerdən 10 km yüksəklikdə küləyin sürəti 8 m/saniyədir. Lakin maya dəyərinin yüksək olmasına görə, layihə o illərdə hökumətin dəstəyini qazanmayıb və təxirə salınıb.
İyunun 9-a olan rəsmi məzənnə - 0,8169 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]