...

BP Azərbaycanın "Şahdəniz" yatağından qazın qəbulu seperatorlarını dəyişdirib

Energetika Materials 25 İyul 2008 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul/ Trend / "Şahdəniz" qaz-kondesat yatağının işlənilməsi layihəsinin texniki operatoru BP şirkəti bu yataqdan qaz qəbulu üçün Səngəçal terminalında separatorların dəyişdirilməsini başa çatdırıb. Bu barədə cümə günü hökumətdən məlumat veriblər.

Separatorların dəyişdirilməsi zamanı yataqda istismar olunan dörd quyudan qaz alınması sutkada 17-19 mln. kubmetrədək azaldılıb. Hazırda o, yenidən sutkada 21-22 mln. kubmetrədək artırılıb.

Hökumətdən bildiriblər ki, separatorların dəyişdirilməsi onların gücünün artırılması üçün həyata keçirilib. Mövcud separatorların gücü sutkada təqribən 21 mln. kubmetr olub. Bu həcm platformadan yataqda qazılan dörd quyudan hasil edilir.

Hazırda "Şahdəniz" yatağından qaz hasilatı sutkada orta hesabla 21 mln. kubmetr təşkil edir. Türkiyə bu həcmdən sutkada 10 -11 mln. kubmetr qaz alır. Qalan həcm isə, Azərbaycana, Gürcüstana verilir və Bakı -Tbilisi - Ceyhan boru kəmərinin nasos stansiyalarında yanacaq qismində istifadə edilir.

"Şahdəniz" dəniz yatağının işlənilməsinə dair müqavilə 1996 - cı il iyunun 4 - də imzalanıb. Layihənin iştirakçıları: BP (texniki operator) - 25,5 faiz, Statoil Hydro (kommersiya operatoru) - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Bu yataqdan qaz hasilatı 2006 - cı ilin dekabrında başlayıb. Hazırda qaz Cənubi Qafqaz qaz kəməri ilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan qazın alıcısı kimi də çıxış edir.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində, hər il 8,8 mlrd. kubmetr qaz hasil etmək nəzərdə tutulur. Bu həcmlər Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq. 2012 - ci ildən sonra reallaşdırılmasına başlanılacaq ikinci mərhələ çərçivəsində hasilat 20 mlrd. kubmetr qazadək artırılacaq. Qazın Avropa ölkələrinə ixracı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti