...

Avstriya idxal olunan Rusiya qazının yoxluğunu kompensasiya edib - nazir

Energetika Materials 8 Yanvar 2009 00:37 (UTC +04:00)
Avstriya idxal olunan Rusiya qazının yoxluğunu kompensasiya edib - nazir

Avstriya, Vyana, 7 yanvar / Trend müxbir A.Ələsgərov/ Çərşənbə günü Vyanada keçirilən toplantıda Avstriyanın iqtisadiyyat naziri bəyan edib ki, bir neçə ay ərzində istifadə üçün ölkədə kifayət qədər qaz ehtiyatları var. Söhbət qaz anbarlarında olan qazdan, habelə daxili hasilat və Qərbi Avropadan idxal olunan "mavi yanacaq"dan gedir. Bu barədə Trend -ın Vyanadakı müxbiri məlumat yayır.

"Avstriya göstərdi ki, digər Avropa ölkələrindən fərqli olaraq idxalın olmaması daxili istehsal və ehtiyatların istifadəsi hesabına kompensasiya edilə bilər", - deyə iqtisadiyyat naziri Raynhold Mitterlener bildirib.

Mitterlener belə bir bəyanatı enerji məsələləri üzrə Koordinasiya Şurasının fövqəladə toplantısının yekunlarına əsasən verib. Bu toplantı Ukraynadan keçməklə Avropaya ötürülən Rusiya qazının nəqlinin dayandırılması səbəbindən keçirilib. Şuranın iclasında Energy Control şirkəti, nazirliklər, sənaye ittifaqları, habelə federal vilayətlərinin rəhbərləri iştirak edib.

Kommunal sektorunda fəaliyyət göstərən Energy Control-un rəhbəri Uolter Boltz (Walter Boltz) bildirib ki, şirkət durumun pisləşməsinə dərhal reaksiya verməyə hazırlaşıb. Energy Control 2001-ci ildə yaradılıb və Avstriyanın iqtisadiyyat və əmək nazirliyi tərəfindən nəzarət edilir.

Avstriyada ildə 8 milyard kubmetr qaz istehlak olunur. İstehlak olunan qazın 51 faizini Avstriya Rusiyadan, 31 faizi isə Norveç və digər ölkələrdən alır. 18 faiz isə daxili hasilatın payına düşür.

Xəbər lenti

Xəbər lenti