Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir E.İsmayılov /
"Pis hava şəraiti ARDNŞ-ə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorundakı "Bahar-2" perspektiv qaz-kondensat dəniz strukturunda üçölçülü seysmik tədqiqatlara (3D seysmika) başlamaq imkanı vermir", - şənbə günü ARDNŞ-dəki mənbə deyib.
"Avadanlıq və gəmilər strukturdakı işə başlamağa hazırdır, ancaq hava şəraiti və narahat dəniz tədqiqatlara başlamağa imkan vermir", - mənbə bildirib.
Strukturdakı işləri başlanandan iki-üç ay sonra bitirmək planlaşdırılır. Ehtiyatların həcmi barədə danışmaq və bu strukturda hər hansı işlərin aparılması üçün strukturun tədqiqatı, əldə olunan məlumatların analizi və alınan nəticələrin interpretasiyası həyata keçirilməlidir, şirkətdə hesab edirlər.
ARDNŞ perspektiv dəniz strukturları, o cümlədən "Bahar-2"də tədqiqatları ölkədəki qaz hasilatını artırmaq məqsədilə aparır.
Azərbaycanda qaz hasilatı ilə öz vəsaitləri hesabına yataqlardan yanacaq istehsal edən ARDNŞ məşğul olur. Şirkətin hasil etdiyi qazın əsas hissəsi Azərbaycanın daxili bazarının tələbatının ödənilməsinə yönəldilir, bir hissəsi isə Gürcüstana ixrac olunur.
BP-nin texniki operatorluğu altında qaz həmçinin "Şahdəniz" yatağından ARDNŞ-nin iştirakı ilə xarici tərəfdaşlarla birlikdə əldə olunur. Qaz Azərbaycan bazarına çatdırılır, bir hissəsi isə Cənubi-Qafqaz kəməri ilə Gürcüstan və Türkiyəyə ixrac edilir. Azərbaycan həmçinin "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxan səmt qazını da əldə edir.
Ehtiyatlarının çox hissəsi işlənən "Bahar-1" yatağı unikal yataqdır. Ötən əsrin 80-ci illərində yataqdan 16-17 milyon kubmetr təbii qaz hasil edilirdi ki, bu da ölkənin qaz təminatının 30-40 faizini təşkil edirdi. "Bahar" yatağının işlənməsi ilə ARDNŞ müstəqil şəkildə məşğul olur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]