Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir A.Bədəlova/
Dünyanın ən iri banklarından olan ABŞ-ın JP Morgan bankı 2010-cu ildə dünyanın neft tələbatının sutkada 1,5 milyon barel - 2009-cu ildəki sutkada 84,7 milyon barel neftdən 86,2 milyon barel neftədək artacağını proqnozlaşdırır. Bankın proqnozuna görə, bu il ərzində ən yüksək tələbat ilin dördüncü rübündə müşahidə olunacaq - sutkada 87,2 milyon barel neft.
Bankın energetika bazarı üzrə analitiklərinin aylıq məruzəsində deyildiyi kimi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İİƏT) üzv olan ölkələrdə bu il neft tələbatı sutkada 45,8 milyon barel, təşkilata üzv olmayan ölkələrdə isə bu göstərici sutkada 40,5 milyon barel təşkil edəcək.
Bankın analitiklərinin proqnozlarına görə, 2011-ci ildə dünyanın neft tələbatı sutkada 87,6 milyon barel neft səviyyəsində olacaq ki, bunun da 45,9 milyon bareli İƏİT-ə üzv olan ölkələrin payına, 41,7 milyon bareli isə İƏİT-ə üzv olmayan ölkələrin payına düşəcək. Analitiklərin proqnozlarına əsasən, növbəti ilin dördüncü rübündə dünyanın neft tələbatı sutkada 88,6 milyon barelə çatacaq.
Analitiklərin proqnozuna görə, dünyanın neft tədarükü 2010-cu ildə sutkada 1,2 milyon barel artaraq sutkada 85,9 milyon barelə çatacaq.
Bank analitikləri 2011-ci ildə neft tədarükünün sutkada 86,7 milyon barel neft səviyyəsində olacağını proqnozlaşdırır.
ABŞ bankının analitiklərinin proqnozlarına görə, OPEK-in neft tədarükünün səviyyəsi 2010 və 2011-ci illərdə müvafiq olaraq sutkada 29,1 və 29,9 milyon barel neft təşkil edəcək.
OPEK-ə daxil olmayan ölkələr 2010-cu ildə sutkada 49,4 milyon barel neft tədarük edəcəklər. 2011-ci ildə bu göstərici sutkada 49 milyon barel neft təşkil edəcək.