Azərbaycan Respublikası Prezidentinin "Neft-qaz emalı və neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" 2 aprel 2010-cu il Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin edilməsinə nəzarət və "Azərikimya" Dövlət Şirkətinin fəaliyyətinin ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən istiqamətləndirilməsi ARDNŞ-nin vitse-prezidenti Muxtar Babayevə həvalə olunub. Bu barədə ARDNŞ-nin şənbə günü yayılan məlumatında deyilir.
Bu gün şirkət rəhbərinin "Azərikimya" istehsalat obyektinin yerləşdiyi Sumqayıt şəhərinə səfəri çərçivəsində ARDNŞ prezidenti "Azərikimya" Dövlət Şirkətinin strukturunun ARDNŞ-nin idarəetmə strukturuna uyğunlaşdırılması istiqamətində zəruri hüquqi hərəkətlər başa çatdırılanadək "Azərikimya"nın mövcud idarəetmə mexanizmlərinin normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə konkret tapşırıqlar verib.