...

Ukrayna Qara dənizdə 10 mlrd kubmetrədək Azərbaycan qazı almaq niyyətindədir - nazir

Energetika Materials 14 İyun 2010 16:47 (UTC +04:00)
Ukrayna Azərbaycan qazının Qara dəniz vasitəsilə Rumıniya və Bolqarıstana tədarükü layihəsinə qoşulmaq və 10 mlrd kubmetrədək qaz almaq niyyətindədir. Bu barədə yanacaq və energetika naziri Yuri Boyko "İnter" telekanalına müsahibəsində deyib, - "Unian" agentliyi xəbər verib.
Ukrayna Qara dənizdə 10 mlrd kubmetrədək Azərbaycan qazı almaq niyyətindədir - nazir

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Ukrayna Azərbaycan qazının Qara dəniz vasitəsilə Rumıniya və Bolqarıstana tədarükü layihəsinə qoşulmaq və 10 mlrd kubmetrədək qaz almaq niyyətindədir. Bu barədə yanacaq və energetika naziri Yuri Boyko "İnter" telekanalına müsahibəsində deyib, - "Unian" agentliyi xəbər verib.

"Sıxılmış təbii qazın boşaldılması üçün terminalın tikintisi Ukraynaya 1 mlrd dollara başa gələcək", - deyərək Boyko qeyd edib ki, terminalın tikintisi "öz xərcini tez çıxaracaq".

"Bizim Avropa İttifaqı ilə proqramımız var. Bu proqram çərçivəsində maliyyələşmənin ümumi xərci 3 mlrd-dır. Elə layihələrdən biri kimi biz bunu təklif edəcəyik", - Boyko vurğulayıb.

Nazir bildirib ki, onlar Gürcüstanın Kulevi şəhərində Rumıniya və Bolqarıstanla birlikdə sıxılmış qaz terminalı tikən azərbaycanlı həmkarları ilə danışıqlar aparıblar.

"Biz sıxılmış qazın müəyyən hissəsinin alınması və onun Odessa terminalı vasitəsilə ölkəmizə çatdırılması üzrə tərəfdaş olacağıq. Proqram 4 il müddətinə nəzərdə tutulub", - Boyko qeyd edib.

"Biz ümid edirik, Ukrayna ilkin mərhələdə 5 mlrd kubmetr, ikinci mərhələdə isə yuvarlaqlaşdırılmış şəkildə 10 mlrd kubmetr qaz alacaq", - deyə o əlavə edib.

Aprelin ortalarında Buxarestdə Azərbaycan, Rumıniya və Gürcüstan "Sıxılmış qazın təmini sahəsində əməkdaşlıq haqqında" memorandum imzalayıblar. Sıxılmış Azərbaycan qazının Rumıniyaya tədarük edilməsi iki terminalın tikintisini nəzərdə tutur - biri Gürcüstanda, digəri  Rumıniyada. İlkin məlumatlara görə, layihənin dəyəri 4-6 mlrd avro təşkil edəcək.

Gürcüstan və Rumıniya arasında bu layihənin həyata keçirilməsi üzrə memorandum 2009-cu ilin oktyabrında, Azərbaycan və Rumıniya ilə cari ilin başlanğıcında imzalanıb.

Hazırda Gürcüstanın Qara dəniz sahilində Azərbaycan qazının emalı üzrə terminalın tikintisi və onun gəmilərlə Rumıniya və Bolqarıstana, oradan isə Avropanın daxili qaz nəqli şəbəkəsinə tədarükü məsələsi nəzərdən keçirilir.

Layihə iki istiqamətdə nəzərdən keçirilir - LNG və CNG. Birincisi - sıxılmış qaz üzrə zavodun tikintisi; ikincisi - qazın sıxılması üçün onun bilavasitə gəmiyə tədarükü. Bu layihə çərçivəsində söhbət 7-20 mlrd kubmetr qazdan gedir.

Tərəflər layihənin texniki-iqtisadi əsaslarını hazırlamaq niyyətindədirlər. Texniki-iqtisadi əsasların hazırlanması Qara dəniz vasitəsilə qaz ixracının sərfəli variantını müəyyənləşdirməyə imkan verəcək.

Əvvəllər Azərbaycan sənaye və energetika naziri Natiq Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın sıxılmış qazının Qara dəniz vasitəsilə Rumıniya və Bolqarıstana tədarükü layihəsi, gələcəkdə ona Bolqarıstan, Ukrayna və Moldovanın qoşulması sayəsində genişlənə bilər.

Xəbər lenti

Xəbər lenti