...

bp "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qazma işlərinə başlayıb

Energetika Materials 16 Avqust 2010 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın dənizdəki "Şahdəniz" qaz-kondensat yatağının operatoru olan Britaniyanın bp şirkəti bu yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində SDX-06 qiymətləndirmə quyusunun qazılmasına başlayıb. Bu barədə bazar ertəsi neft-qaz bazarındakı mənbə məlumat verib.

"Artıq sonralar istismar quyusuna çevriləcək qiymətləndirmə quyusunun qazılmasına başlanılıb. Qazma "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində aparılır", - mənbə bildirib.

Onun sözlərinə görə, layihə dərinliyi 6 500 metr olan quyunun dərinliyi hazırda 610 metrdir. Qazma 250 gün ərzində aparılacaq.

Quyu "İstiqlal" yarımdalma qazma qurğusu vasitəsilə suyun 100 metr dərinliyində aparılır. "Bu quyu ikinci mərhələ çərçivəsində planlaşdırılan bütün digərləri kimi, sualtı tamamlama quyusudur", - mənbə bildirib.

Hazırda "Şahdəniz" yatağında beş quyu var,onlardan biri qismən ləğv edilib və texniki vəziyyətinin pis olması ilə əlaqədar dondurulub. Eləcə də yatağın işlənməsinin birinci fazası çərçivəsində altıncı istismar quyusunun qazılması üzrə işlər görülür.

Yataqda ən yüksək hasilatın 8,6-9 milyard kubmetr həcmində olacağı güman edilir. Proqnozlara əsasən, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində burada qaz hasilatının ildə 25 milyard kubmetrədək artırılacağı mümkündür.

"Şahdəniz" yatağından hasil edilən qaz hazırda Gürcüstan və Türkiyəyə nəql edilir. Qazın bir hissəsini isə layihə çərçivəsində Azərbaycan əldə edir.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 4 iyun 1996-cı ildə imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5 faiz, "Statoil hydro" - 25,5 faiz, NICO - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti