...

Azərbaycan Nazirlər Kabineti yeni neft-qaz sazişi çərçivəsində öhdəlikləri təsdiq edib

Energetika Materials 26 Avqust 2010 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Nazirlər Kabineti "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş çərçivəsində Azərbaycan hökumətinin təminatı və öhdəliklərini təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.

2010-cu il iyunun 3-də ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) UQE-Lanser PTİ.LTD şirkəti ilə "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş imzalayıb. Saziş sahəsi 16,14 kvadratmetrdir.

Saziş beşillik prolonqasiya ilə 25 il müddətinə imzalanıb. Sazişdə pay iştirakının 75 faizi Lanser, 25 faizi isə ARDNŞ-yə düşür.

Bundan əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, əldə olunan neft gəliri R-factor formulunda hesablanacaq. Azərbaycanın payına ilk dövrlərdə 55 faiz, daha sonra 92,5 faiz gəlir düşəcək.

Onun sözlərinə görə, 90 gün ərzində şirkət layihə çərçivəsində iş və investisiya planı hazırlayacaq. Abdullayev onu da qeyd edib ki, layihədə olan investisiyalar neft hasilatının stabilləşdirilməsi və yataqlarda bərpa işlərinin aparılması üçün kifayət edəcək bir neçə yüz milyon dollar təşkil edir.

Balaxanı-Sabunçu-Ramana yataqları 1871-ci ildən istismara verilib. Bu günə qədər burada 9549 quyu qazılıb və 271 milyon ton neft hasil olunub. Qalıq neft ehtiyatı 7,3 milyon ton qiymətləndirilir. 2009-cu ildə burada 208,2 min ton neft hasil olunub. Hazırda yataqlar bloku "Balaxanıneft" NQÇİ-nin balansında yerləşir. İstismar olunan fondda 1124 quyu, fəaliyyətsiz quyular fondunda isə 328 quyu var.

1914-cü ildən 1947-ci ilə qədər Kürdəxanı yatağında geoloji-axtarış işləri aparılıb. Yatağın işlənib hazırlanmağa başladığı dövrdən 2010-cu il yanvarın 1-dək 59 quyu qazılıb və 198 min ton neft hasil edilib. Qalıq ehtiyatı 205 min ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti