...

Azərbaycan qaz sahəsində fəaliyyətini əsaslandırılmamış rəqabət imkanı kimi nəzərdən keçirməyib - Prezident İlham Əliyev

Energetika Materials 4 Sentyabr 2010 04:21 (UTC +04:00)
Azərbaycan qaz sahəsində fəaliyyətini əsaslandırılmamış rəqabət imkanı kimi nəzərdən keçirməyib, bunu sentyabrın 3-də Rusiya Prezidenti Dmitri Medvedevlə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan qaz sahəsində fəaliyyətini əsaslandırılmamış rəqabət imkanı kimi nəzərdən keçirməyib - Prezident İlham Əliyev

Azərbaycan qaz sahəsində fəaliyyətini əsaslandırılmamış rəqabət imkanı kimi nəzərdən keçirməyib, bunu sentyabrın 3-də Rusiya Prezidenti Dmitri Medvedevlə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu halda biz siyasi motivlərə deyil, yalnız iqtisadi və praktik motivlərə əsaslanırıq. Bu gün Rusiya və Azərbaycan şirkətləri arasında qaz sahəsində mövcud olan şərtlər bizi razı salır və mən ümid edirəm ki, Rusiya tərəfini də qane edir. Buna görə də əgər bütün maraqlı tərəflər buna məhz iqtisadi məqsədyönlülük nöqteyi-nəzərindən baxsalar və bu layihələrin süni şəkildə siyasiləşdirilməsi minimum səviyyəyə endirilsə, əminəm ki, bütün maraqlı tərəflərin mənafeləri nəzərə alınacaqdır. Bir daha demək istəyirəm ki, biz Rusiya ilə energetika sahəsində ikitərəfli əməkdaşlığımızı uzunmüddətli və strateji əməkdaşlıq kimi nəzərdən keçiririk və bu, təkcə qaz sahəsini əhatə etmir. Bu, həm neft, həm elektroenergetika sahələrinə də aiddir. Gələcəkdə qarşılıqlı razılığa gəlsək, biz bütün energetika komponentləri üzrə Rusiyaya təbii ehtiyatların ixracını artırmaq niyyətindəyik", Prezident İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan artıq 2007-ci ildən öz qazını beynəlxalq bazarlara çıxarır və Azərbaycanda hasil edilən qazın həcmi ilbəil artır.

"Ehtiyatlarımız yetərincə çoxdur. Azərbaycanda yalnız təsdiq edilmiş qaz ehtiyatı 2 trilyon kubmetrdən çoxdur. Potensialı isə biz real şəkildə təxminən 5 trilyon kubmetr həcmində qiymətləndiririk. Buna görə də qaz bizə bir çox onilliklər kifayət edəcəkdir. Qaz sahəsində əməkdaşlığımız açıq və səmimi xarakter daşıyır. Biz bu sahəyə dostlarımız və tərəfdaşlarımızla münasibətlərimizi möhkəmləndirmək imkanı kimi baxırıq. Rusiya ilə bu sahədə əməkdaşlığımıza gəldikdə isə, bildiyiniz kimi, bu əməkdaşlıq nisbətən yaxınlarda başlanmışdır. Birinci sənədlər yalnız ötən il imzalanmışdır, lakin artıq qısa vaxt kəsiyində biz bu gün imzaladığımız müqavilə ilə Azərbaycan qazının Rusiyaya ixracının həcmini mahiyyətcə 4 dəfə artırırıq. Bu, böyük gələcəyi olan qarşılıqlı surətdə faydalı layihədir. Layihənin əhəmiyyətli üstünlüklərindən biri də budur ki, Azərbaycan ilə Rusiya arasında tranzit ölkə yoxdur. Biz qonşuyuq və bizi hazırda genişlənən qaz kəməri sistemi birləşdirir. Bizim tərəfimizdən Azərbaycan qazının Rusiyaya nəqli imkanlarının genişləndirilməsinə sərmayələr qoyulur", deyə İlham Əliyev bildirib.

Prezident Dmitri Medvedev deyib ki, "biz iqtisadi maraqlarımıza diqqətlə yanaşmalıyıq".

"Biz anlamalıyıq ki, bir tərəfin və digər tərəfin mənafeləri mövcuddur. Bu maraqlar praqmatik xarakter daşıyır. Bu, ideal vəziyyətdə olan humanitar sahədə əlaqələr deyildir. Biz burada pul qazanırıq. Bu, normal haldır. Biz burada imkanlarımızı arzularımızla uyğunlaşdırmalıyıq. Bu, birincisi.
İkincisi, bu gün biz Azərbaycan Prezidenti ilə söhbət zamanı deyirdik ki, biz regionda sanballı oyunçularıq və maraqlarımız çox halda üst-üstə düşür. Çünki ölkələrimiz enerji ehtiyatlarının istehsalçıları və ixracçılarıdır. Buna görə də biz bir tərəfdən razılığa gəlməliyik, digər tərəfdən isə kooperativləşməliyik. Həmkarlarımızın imzaladığı qaz ticarətinin genişləndirilməsi haqqında müvafiq sənədlər bunu nümayiş etdirdi", Rusiya Prezidenti deyib.

Cümə günü Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və "Qazprom" MMC-nin idarə heyətinin sədri Aleksey Miller Azərbaycan təbii qazının alqı-satqısı üzrə müqaviləyə 4 saylı əlavə Sazişi imzalayıblar. Əlavəyə əsasən, 2011-ci ildən etibarən alışın həcmi 2 milyard kubmetrədək, 2012-ci ildən isə 2 milyard kubmetrdən çox artacaq.

"Ən müxtəlif layihələr mövcuddur. Burada Rusiyanın mövqeyi həmişə elə olmuşdur ki, biz hər hansı layihələrə mane ola bilmərik və olmamalıyıq, bu, tamamilə qeyri-təbii işdir. Mənə elə gəlir ki, biz sadəcə əməkdaşlığın ən maraqlı sahələrini ayırmalı, birgə layihələrin cəlbediciliyini nümayiş etdirməliyik. Gələcək layihələrə gəldikdə isə, necə deyərlər, qoy mənfəət gətirən, tərəfdaşlarımız üçün maraqlı layihələr qalib gəlsin. Heç kim heç kimi heç nəyə vadar etmir. Eyni zamanda, bu, iqtisadi cəhətdən səmərəli layihələr olmalıdır. Gələcək üçün enerji sahəsində münasibətlər qurarkən mən buna əsaslanardım", Dmitri Medvedev söyləyib.

Xəbər lenti

Xəbər lenti