...

"Petrol Ofisi"nin alınması OMV-nin Xəzər və Yaxın Şərq regionunun resurslarına qoşulmaq strategiyasına uyğundur

Energetika Materials 25 Oktyabr 2010 20:51 (UTC +04:00)
Türkiyənin "Petrol Ofisi" şirkətinin alınması OMV-nin Xəzər və Yaxın Şərq regionunun karbohidrogen resurslarına qoşulmağa istiqamətlənən strategiyasına tam uyğundur.

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir Ə.Yusifzadə/

Türkiyənin "Petrol Ofisi" şirkətinin alınması OMV-nin Xəzər və Yaxın Şərq regionunun karbohidrogen resurslarına qoşulmağa istiqamətlənən strategiyasına tam uyğundur. Bu barədə Trend-ə "OMV Group"un mətbuat katibi Sven Pussvald deyib.

OMV tədarüklərin diversifikasiyalaşdırılması və enerji təhlükəsizliyinin artırılması çərçivəsində qazın Xəzər regionu və Yaxın Şərq ölkələrindən Avropaya tədarükü üçün planlaşdırılan "Nabukko" qaz kəmərinin səhmdarlarından biridir. Hazırda qaz boru kəməri üçün əsas tədarük mənbələri kimi Azərbaycan və İraq nəzərdən keçirilir.

Mərkəzi Avropanın aparıcı enerji qrupu olan OMV şirkəti Türkiyənin "Doğan Holdinq" şirkəti ilə Türkiyənin neft məhsulları bazarında pərakəndə və kommersiya satışı üzrə aparıcı şirkət olan "Petrol Ofisi A.S"də öz payının artırılması haqqında razılığa gəlib.

Əldə olunan razılığa əsasən, OMV "Petrol Ofisi"ndə öz payını 41,58 faizdən 95,75 faizədək artıracaq və bununla da Türkiyə şirkəti üzərində tam nəzarəti öz əlinə alacaq. Müqavilənin dəyəri bir milyard avro təşkil edir.

Türkiyə regionda böyük və sürətlə artan bazarlardan biridir. Hazırda Türkiyədə neft məhsullarına tələbat ildə 29 milyon ton təşkil edir; proqnozlara əsasən, 2015-ci ilədək bu rəqəm 32 milyon tonadək artacaq.

Xəbər lenti

Xəbər lenti