...

"Nabukko"nun qapıları ARDNŞ üçün açıqdır – RWE Trading

Energetika Materials 7 Noyabr 2010 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.İsmayılov/

"Nabukko" boru kəməri layihəsinin konsorsiumu ARDNŞ-ni layihənin səhmdarlarından biri kimi qəbul etməyə hazırdır. Bu barədə EER-ə müsahibəsində Almaniyanın "RWE Trading" şirkətinin biznesin inkişafı üzrə rəhbəri Ceremi Ellis deyib.

"Şübhəsiz ki, ARDNŞ üçün "Nabukko"da pay almaq mühüm əhəmiyyət kəsb edir. [...] ARDNŞ üçün qapılar hər zaman açıqdır", - Ellis qeyd edib.

"Nabukko" üçün baza ola biləcək qazın həcminə toxunan Ellis qeyd edib ki, 10-16 milyard kubmetrə yaxın qaz Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Avropa üçün lazım ola bilər, 10-20 milyard kubmetr Türkmənistanda onun qərb sərhədlərindən almaq olar və 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər İraq şimalından alına bilər. Yəni, "Nabukko"nun işi üçün 31 milyarddan çox baza var, lakin Ellis onu da vurğulayıb ki, 31 milyard kubmetrin tam həcmdə olması layihə çərçivəsində işə başlamaq üçün lazım olmayacaq.

Odur ki, ölkələr Avropa bazarlarına qaz tədarük etmək istəyirlərsə, onların bunu "Nabukko" qaz boru kəməri ilə etməyə imkanları var.

Ellisin sözlərinə görə, lakin layihə üzrə son investisiya qərarını qəbul etmək üçün 31 milyard kubmetrdən xeyli az, səkkiz milyard kubmetrdən çox qaz lazımdır.

"Hazırda üç böyük şəhərdə - Bakı, Ərbil və Aşqabadda tədarükçülərlə danışıqlar aparılır", - Ellis qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanla danışıqlar aparılır, İraq ilə işlərlə bağlı irəliləyiş var, eləcə də Türkmənistanla uğurlu danışıqlar üçün səylər göstərilir. "Bütün bu istehsalçıların hamısı "Nabukko"ya qoşula bilərlər. Azərbaycan və İraq "Nabukko"nun tədarükünü təmin etmək üçün birləşsələr, Türkmənistan "Nabukko"nun birinci mərhələsini buraxmaqda riskə gedə bilər", - Ellis qeyd edib.

Ellisin fikrincə, "Nabukko" layihəsi çərçivəsində siyasi iradə və dəstək sözsüz ki, həm Brüssel, həm Berlin, həm də Vaşinqtondan var. İndi tədarükçü ölkələr qərara gəlməlidirlər.

"Bizə tam aydındır ki, Avropa bazarlarına qazı tədarük etmək üçün "Nabukko" iqtisadi baxımdan daha qabiliyyətli, texniki baxımdan isə daha təhlükəsiz tranzit marşrutdur", - Ellis vurğulayıb.

Onun sözlərinə görə, Avropa dünyanın qaz istehlakının artmaqda olan böyük mərkəzlərindən biridir. Xəzər və Yaxın Şərq dünyada böyük qaz ehtiyatlarına malik regionlardır. Cənub dəhlizi vasitəsilə bu iki bazarı birləşdirmək üçün məntiqi marşrut Türkiyə və Avropanın cənubudur. Yeni qaz boru kəmərinin tikintisi ilə diversifikasiya və Avropanın enerji təhlükəsizliyinin təmini üçün şərait yaranır.

Avropa tamamilə haqlı olaraq, xüsusən də əvvəllər qaz tədarükündə müşahidə olunan böhrandan sonra gələcək diversifikasiya və tədarükün etibarlılığına səy göstərir.

Ellis qeyd edib ki, "Nabukko" Azərbaycan, İraq və Türkmənistanın tədarükçü qismində nəzərdə keçirildiyi çoxprofilli layihədir. Azərbaycan başlanğıc mərhələdə Cənub dəhlizinin qaz təchizatının əsas mənbəsidir.

"Şahdəniz" yatağının ikinci mərhələsində qaz "Nabukko" deyil, tam həcmdə digər layihələr üçün ayrılarsa, o tikilməyəcək. Bunun nəticəsi olaraq, Avropanın cənub-şərqinə, ümumilikdə Avropaya tədarüklərin diversifikasiyası təmin edilməyəcək", - Ellis vurğulayıb.

Onun sözlərinə görə, "Nabukko" IGI və TAP qaz boru kəmərləri ilə həyata keçirilə bilməz, lakin IGI və ya TAP "Nabukko" vasitəsilə həyata keçirilə bilərlər. "Bu, hamı üçün məğlubiyyətsiz olacaq. Mən IGI və ТАР üçün nəzərdə tuturam. Bu iki marşrutun yaradılmasında heç bir məna yoxdur. Bu iki layihədən hər biri "Nabukko" sistemi ilə öz qazını nəql edə bilər. Biz bunu həm "Edison"a, həm də DEPA-ya təklif etmişik", - Ellis əlavə edib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2015-ci ildə start veriləcək.

"Nabukko" qaz kəmərinin tikintisi iki əsas fazanın gedişində həyata keçiriləcək. Tikintinin birinci fazasına (2011-ci il) Türkiyə sərhədindən başlayaraq Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci fazaya (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Gürcüstan, eləcə də Türkiyə ilə İraq arasında yerdə qalan hissəsinin tikintisi daxildir.

"Nabukko" qaz kəmərinin uzunluğu 2730 kilometr olan birinci hissəsinin tikintisinə Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək Bolqarıstan sərhədinədək uzanacaq. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti