Azərbaycan, Bakı, 3 dekabr /Trend/
Dekabrın 3-də ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Geologiya və Geofizika İdarəsi və BP Exploration (Azərbaycan) şirkəti arasında "Texniki xidmətlərin göstərilməsinə dair Anlaşma Memorandumu" imzalanıb. Bu barədə cümə günü ARDNŞ-nin məlumatında deyilir.
Sənədi Dövlət Neft Şirkətinin Geologiya və Geofizika İdarəsinin rəisi Vaqif Abdullayev və BP Exploration (Azərbaycan) şirkətinin kəşfiyyat işləri üzrə vitse-prezidenti Qreq Rayli imzalayıblar.
Memorandumda tərəflərin gələcəkdə kəşfiyyat, seysmik məlumatların emalı, geoloji-geofiziki xəritələrin hazırlanması və digər texniki xidmətlərin göstərilməsi məqsədi ilə ümumi müqavilə imzalamaq niyyəti əks olunur.
Mərasimdə çıxış edən ARDNŞ-nin I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə gələcəkdə də BP ilə qarşılıqlı işbirliyinin davam edəcəyinə və əməkdaşlığın müsbət nəticələr verəcəyinə əminliyini bildirib.
Daha sonra BP-nin sifarişi əsasında hazırlanmış 4 layihənin təqdimat mərasimi kecirilib. Layihələr ARDNŞ-nin Geologiya və Geofizika İdarəsi, "Neftqazelmitədqiqatlayihə" İnstitutu, AMEA-nın Geologiya İnstitutunun əməkdaşları tərəfindən hazırlanıb.
Layihələrdə Cənubi Xəzər çökəkliyində quyu məlumatlarının üzvi-kompleks tədqiqi, "Şahdəniz" və digər yataqlar arasındakı sahələr öyrənilib.