Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.İsmayılov/
CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 101,97 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiymətləri cümə gününə nisbətən 0,08 dollar/barel artıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.
ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 101,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel çoxdur.
Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 7-də 95,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,39 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 7-də 99,03 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,01 dollar/barel çoxdur.