Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.İsmayılov/
ARDNŞ-nin Qara dəniz sahilindəki Kulevi neft terminalı işə başladığı gündən indiyədək 8 milyon ton neft məhsulları daşıyıb. Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-dəki mənbə deyib.
"Bu gün terminal yeni həddə - istismara verildikdən sonra 8 milyon ton həddinə çatıb", - mənbə qeyd edib.
2011-ci ildə Kulevi neft terminalı 2010-cu ildəki 3,6 milyon tona nisbətdə 4 milyon ton neft yükləri daşımağı planlaşdırır. Neft yüklərinin ümumi həcmindən 1,5 milyon tona yaxın Qazaxıstan neftinin payına düşür.
Kulevi terminalı 2008-ci ilin mayında istismara verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.
Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsünün tikintisi nəzərdə tutulub. Məhsuldarlıq saatda 1000-dən 8000 kubmetrədək neft doldurulması təşkil edir. Müəssisədə liman, dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sisternin boşaldılması mümkündür.