...

ARDNŞ yeni quyunu sualtı qaz kəmərlərinə qoşmağa hazırlaşır

Energetika Materials 25 İyul 2011 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir E.İsmayılov/

ARDNŞ Xəzər dənizində yerləşən "Bulla Dəniz" yatağında yeni qaz-kondensat quyusunun istismara verilməsi çərçivəsində sualtı infrastrukturun yaradılması üzrə işlər aparır. Bu barədə bazar ertəsi ARDNŞ-dəki mənbə deyib.

Onun sözlərinə görə, lazımi infrastrukturun yaradılması, xüsusilə sualtı qaz kəmərlərinin çəkilməsi vaxt tələb edir və hazırda ARDNŞ mütəxəssisləri bunun üzərində işləyirlər.

ARDNŞ nəzərdə tutulan işləri qısa müddət ərzində başa çatdırmaq niyyətindədir, lakin mənbə işlərin cari ilin sonunadək davam edə biləcəyini istisna etməyib.

Proqnozlara əsasən, yeni quyudan 500 min kubmetr qaz və 80 ton qaz-kondensat hasil edilə bilər.

Bundan əvvəl ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin dediyinə görə, bu quyu perspektivlidir. Bundan əvvəl Geofizika və Geologiya İdarəsi quyuda baş verən prosesləri müşahidə və nəzarət etmək məqsədilə uzaq müşahidə sistemi olan "RT-Leuza" da quraşdırıb.

Mənbənin sözlərinə görə, kəşfiyyat quyusunun qazılmasının nəticələrindən asılı olaraq, şirkət elə həmin platformadan istismar quyusu qazmağı da planlaşdırır.

"Bulla-dəniz" yatağı 1975-ci ildən istismar olunur. 34 il ərzində yataqdan 62 milyard kubmetr qaz və 11 milyon ton neft və qaz-kondensat hasil edilib.

"Bulla-dəniz" yatağından sutkada 450 min kubmetr qaz hasil edilir. ARDNŞ geoloqlarının fikrincə, bu yataqda qaz hasilatını bir neçə dəfə artırmaq olar.

Xəbər lenti

Xəbər lenti