...

2013-cü ildə Bakıda yarımstansiyalar istehsalı zavodu istismara veriləcək

Energetika Materials 27 Aprel 2012 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Ə.Həsənov/

Açıq və qapalı tipli yarımstansiyalar və hava elektrik xətləri avadanlıqları istehsalı zavodunun tikintisi üçün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə güzəştli şərtlərlə 5 milyon manat kreditin verilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə SKMF-nin sədri Şirzad Abdullayev bildirib.

"Bu gün fond 3 milyon manat məbləğində ilk kredit ayırıb, növbəti mərhələdə isə qalan iki milyon manat təqdim ediləcək", - Abdullayev deyib.

Layihənin ümumi dəyəri 40 milyon manat təşkil edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, zavodun tikintisi 2011-ci ildə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində sahəsi 13 min kvadratmetr olan ərazidə başlayıb və onu 2013-cü ildə başa çatdırmaq planlaşdırılır.

Zavoda avadanlıqları Almaniyanın "Georg" və İsveçrənin "Heldrick" şirkətləri tədarük edəcək.

Müəissisə istifadəyə verildikdən sonra ilkin olaraq illik gərginliyi 220-500 kilovolt və gücü 500 meqavat olan 80-100 ədəd açıq və qapalı tipli yarımstansiyalar, habelə hava elektrik xətləri avadanlıqları istehsal ediləcək.

Müəssisə aşağı və yuxarı gərginlikli elektrik transfarmatorları və elektrik yarımstansiyalarının istehsalı zavoduna malik ATEF şirkətlər qrupu tərəfindən tikilir. Zavod Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşir. Bu müəssisədə, həmçinin dəmir yolu üçün kontakt şəbəkələrinin elementləri, metal dayaqlar və dəmir yolu üçün dartı yarımstansiyalar istehsal edilir. Müəssisə daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan, Ukrayna və Türkmənistana öz məhsullarını ixrac edir.

Zavodda 1050 nəfər işləyir, yeni zavodun tikinti layihəsinin reallaşdırılmasından sonra əlavə 160 yeni iş yeri açılacaq.

Xəbər lenti

Xəbər lenti