Azərbaycan, Bakı, 22 avqust /Trend/
2012-ci ilin birinci yarısında Bakı şəhəri və Abşeron yarımadasının dayanıqlı qaz təchizatını və qaz kəmərlərinin təhlükəsiz istismarını təmin etmək məqsədi ilə Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin istismar etdiyi tənzimləyici qurğular, kranlar, siyirtmələr dəyişdirilib, təmir olunub, köhnə tipli və nasaz manometrlər yeniləri ilə əvəz edilib. Ümumilikdə sahə üzrə 5455 metr uzunluğunda qaz kəməri yenisi ilə əvəz edilib. Bu barədə Trend Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə istinadən məlumat verir.
"Zirə-Digah-Qaradağ" (Cənub) magistral qaz kəmərinin Savalan qəsəbəsi ərazisindəki 100 metr və Ramana südçülük sovxozu ərazisindəki 160 metr uzunluğunda hissəsi dəyişdirilib. Analoji işlər "Pirallahı-Qala" magistral qaz kəmərinin Binə qəsəbəsi yaxınlığındakı hissəsində, eyni zamanda "Sumqayıt İEM-I" qaz kəməri və "Taxtakörpü-Ceyranbatan" kanalının kəsişməsi ilə əlaqədar həmin kəmərin 65 metr uzunluğunda hissəsində də aparılıb.
Hazırda "Yaşma-Siyəzən" magistral qaz kəmərinin Zarat kəndi ərazisində 2000 metrlik və Giləzi QRS-I istiqamətində 1000 metrlik hissəsi dəyişdirilib, "Zirə-Digah-Qaradağ" (Cənub) magistral qaz kəmərinin Buzovna Açıq Qazpaylayıcı Stansiyasından Mərdəkan yoluna qədər 2048 metrlik hissəsi isə polietilen boru ilə əvəz edilib. Bununla bərabər, "Hövsan-Digah-Qaradağ" magistral qaz kəmərinin Bakı-Astara şossesindən keçən 80 metrlik hissəsi də dəyişdirilib.
Cari ilin birinci yarısında Buzovna Qazpaylayıcı Stansiyasının ərazisində Rumıniyanın "Total qaz industrie" Şirkəti tərəfindən quraşdırılmış Açıq Qazpaylayıcı Stansiyasının mövcud qazpaylayıcı şəbəkə ilə əlaqələndirilməsi və istismara verilməsi işləri başa çatdırılıb.
Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin "Qaradağ-Qazıməmməd" yüksək təzyiqli qaz kəmərinin 47-ci kilometrliyində 1000 mm-lik sipər yenisi ilə dəyişdirilib, 700 mm-lik "Səngəçal-Qazıməmməd" qaz kəmərində və "Qazax-Qazıməmməd" kəmərinin 75-ci kolometrliyində yeni sipərlər quraşdırılıb. "Qazax-Qazıməmməd" qaz kəmərinin 27-ci və 117-ci kilometrliyində mayetutucu qurğunun quraşdırılması, həmin kəmərin 63-71-ci kilometrliyində yenidənqurma işləri və "Qalmaz-Qazıməmməd" kəmərinin 31-ci kilometrliyində 72 metr hissənin dəyişdirilməsi işləri də başa çatdırılıb.
Ağdaş Magistral Qaz Kəmərləri Sahəsində başa çatdırılan təmir-bərpa işlərinə Ucar və Zərdab rayonları arasında 182-ci və 7-ci km-də müvafiq olaraq 182 və 20 metr uzunluğunda qaz kəmərlərinin, "Qazax-Qazıməmməd" kəmərinin başlanğıcında və 168,7-ci kilometrliyində kranların dəyişdirilməsini və s. misal göstərmək mümkündür.
Qazax Magistral Qaz Kəmərləri Sahəsinin Şəmkir rayonu ərazisindən keçən yüksək təzyiqli qaz kəmərinin 298-ci kilometrliyində yeni inşa olunmuş qaztənzimləyici qurğunun xəttə qoşulması işləri də uğurla başa çatdırılıb. Bununla yanaşı, "Qazax-Qazıməmməd" kəmərinin 289-cu kilometrliyində 300 mm-lik, 307-ci kilometrliyində 700 mm-lik, 283-cü və 330-cu kilometrliyində 2 ədəd 1000 mm-lik kranlar dəyişdirilib.
Bundan başqa, Astara və Siyəzən Magistral Qaz Kəmərləri sahələrinin istismar etdikləri 530 mm-lik "Azadkənd-İmişli" kəmərində 18,4 kilometrlik hissə, 1200 mm-lik "Astara-Qazıməmməd" qaz kəmərinin isə Şirvan şəhəri ərazisindəki 2,2 kilometrlik hissəsi dəyişdirilib.