Azərbaycan, Bakı, 14 mart /Trend/
Martın 14-də Astara və Salyan rayonlarının daha bir neçə kəndinə təbii qaz verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Astara rayonunun Vəznəs, Şüvi və Sərək kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 501 abonenti olan həmin yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9800 metr uzunluğunda müxtəlif diametrli polietilen, 16 400 metr uzunluğunda isə metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Həmin gün Salyan rayonunun Təzəkənd və Gomuşçu kəndlərinə təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd olunub ki, 236 abonenti olan Təzəkənd kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 20 287 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 236 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb, 59 abonenti olan Gomuşçu kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 3714 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 59 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.