Qazaxıstan, Astana, 28 may /Trend, müxbir D.Muxtarova/
Gürcüstana tədarük edilən Azərbaycan qazının qiyməti rəsmi Tbilisini tamamilə qane edir. Bu barədə Trend-ə müsahibəsində Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.
Nazir qeyd edib ki, müqaviləyə əsasən, qazın qiyməti kommersiya sirridir: "Yalnız onu deyə bilərəm ki, qiymət bizim üçün çox yaxşıdır. İl ərzində Gürcüstan 2 milyard kubmetr qaz alır ki, bunun da 500 milyon kubmetri "QazTransQaz-Tbilisi"nin payına düşür".
Kaladzenin sözlərinə görə, Gürcüstan Azərbaycan qazından imtina məsələsinə baxmır: "Azərbaycan bizim strateji tərəfdaşımız olub və qalmaqdadır. Biz Azərbaycandan qazı çox yaxşı qiymətə aldığımıza görə məmnunuq. Digər tədarükçülərə gəldikcə isə, bu yalnız Rusiya tərəfi deyil, Qazaxıstan da ola bilər. Alternativlik normal haldır, bu, tədarükün şaxələndirilməsidir".
Onun sözlərinə görə, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstan energetika bazarında ən böyük şirkətlərdən biridir. Bu şirkət Gürcüstan iqtisadiyyatına, energetika və sosial sahəyə iri investisiyalar yatırır.
Kaladze bildirib ki, bu yaxınlarda ARDNŞ Rustavidə Heydər Əliyev adına parkın tikintisinə maliyyə vəsaiti ayırıb: "Batumidə isə çox gözəl restoran tikdi".