...

Azərbaycan, Rusiya və İran energetika nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Energetika Materials 30 Oktyabr 2013 13:53 (UTC +04:00)
MDB Elektroenergetika Şurasının 44-cü iclası çərçivəsində Azərbaycan, İran və Rusiya Energetika nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədi ilə Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin oktyabrın 31-dən etibarən Moskvaya rəsmi səfəri başlayır.
Azərbaycan, Rusiya və İran energetika nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E.İsmayılov/

MDB Elektroenergetika Şurasının 44-cü iclası çərçivəsində Azərbaycan, İran və Rusiya Energetika nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədi ilə Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin oktyabrın 31-dən etibarən Moskvaya rəsmi səfəri başlayır.

Trend-in Energetika Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, üç gün davam edəcək səfər zamanı Natiq Əliyev, İranın energetika naziri Həmid Çitçiyan və Rusiyanın energetika naziri Aleksandr Novak üç ölkə arasında elektroenergetika sahəsində əmakdaşlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Azərbaycan həm Rusiya Federasiyası, həm də İran İslam Respublikası ilə elektroenergetika sahəsində sıx əməkdaşlıq edir. Belə ki, 6 iyun 2013-cü il tarixində Volqoqrad şəhərində "Azərbaycan Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş" imzalanıb. Bu saziş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elektroenergetika sahəsində əməkdaşlığın davam etdirilməsinə geniş imkanlar yaradıb.

Artıq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının enerji sistemləri ikitərəfli elektrik verilişi xətləri vasitəsi ilə birləşmişdir. Bunlar, 330 kV-luq "Dərbənd" və 110 kV-luq "Yalama" elektrik verilişi xətləridir. Eyni zamanda, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında elektrik enerjisinin mübadiləsi 230 kV-luq I Parsabad, 330 kV-luq II Parsabad, 110 kV-luq Astara və 132 kV-luq Culfa və Araz elektrik verilişi vasitəsilə həyata keçirilir.
Azərbaycanın energetika nazirinin Rusiyaya rəsmi səfəri noyabrın 2-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti