Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
2013-2014-cü illərin payız-qış mövsümündə istehlakçıların təbii qazla etibarlı və təhlükəsiz təchiz edilməsi, abonentlərin təbii qazdan istifadə qaydaları barədə təlimatlandırılması və maarifləndirilməsi məqsədi ilə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən cari ilin noyabr ayının 1-dən dekabrın 1-dək respublika ərazisində "Təbii qazdan təhlükəsiz istifadə aylığı" elan edilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bununla əlaqədar müvafiq Tədbirlər Planı hazırlanıb. Plana əsasən, abonentlərin təbii qazdan istifadə qaydalarına dair növbədənkənar təlimatlandırılması nəzərdə tutulur.
Plan çərçivəsində təbii qazdan istifadə qaydalarını pozan istehlakçıların qaz təchizatı müqavilə ilə müəyyən edilmiş qaydada dayandırılacaq.
Tədbirlər Planında, həmçinin qəza halları barədə qaz istismar sahələrinin qəza dispetçer xidmətlərinə daxil olmuş çağırışların keyfiyyətlə yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məsələsi də yer alıb. Eyni zamanda, qeyri-standart qaz cihazları və avadanlıqlarının istismardan çıxarılmasına nəzarət də gücləndiriləcək.
"Təbii qazdan təhlükəsiz istifadə aylığı" çərçivəsində qaz təsərrüfatı obyektlərinə və avadanlıqlara baxışların sayı artırılacaq.
Qeyd edilən müddətdə bütün qaz istismar sahələri gücləndirilmiş iş rejiminə keçiriləcək, məsul şəxslərdən ibarət növbətçilik sistemi təşkil olunacaq.