Azərbaycan, Bakı, 20 noyabr /Trend/
Ukrayna böhranına görə sual altında qalan "Cənub axını" qaz kəməri artıq İtaliya üçün prioritet deyil. Trend-in "Reuters"-ə istinadən verdiyi məlumata görə, bunu İtaliyanın sənaye naziri Federika Quidi Romada mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu faydalı infrastruktur layihəsidir, lakin o artıq prioritelər siyahısında deyil: "O, bir tərəfdən qaz tranzitini şaxələndirməyə kömək edirsə, digər tərəfdən tədarükçü ilə bağlı müəyyən problemlər var".
"Reuters" yazır ki, İtaliya üçün "Cənub axını" layihəsinin cəlbediciliyi ölkənin qaz bazarının sıxlığına və qaza olan tələbatın aşağı düşməsinə görə azalıb. Buna səbəb iqtisadiyyatın zəifləməsi olub, üstəlik İtaliya 2020-ci ildən Azərbaycan qazı almağa başlayacaq.