...

"Neftqaztikinti" Trestinin yeni inzibati binası açılıb (FOTO)

Energetika Materials 19 Mart 2015 19:29 (UTC +04:00)
“Neftqaztikinti” Trestinin yeni inzibati binasının təntənəli açılış mərasimi keçirilib.
"Neftqaztikinti" Trestinin yeni inzibati binası açılıb (FOTO)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Novruz bayramı ərəfəsində, martın 19-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyi nümayəndələrinin iştirakı ilə "Neftqaztikinti" Trestinin yeni inzibati binasının təntənəli açılış mərasimi keçirilib.

Trend Şirkətin saytına istinadən məlumat verir ki, tədbir iştirakçılarını salamlayan SOCAR-ın prezidenti Rövnəq Abdullayev Novruz bayramı münasibətilə bütün neftçiləri, o cümlədən Trestin kollektivini təbrik edib. Rəmzi qırmızı lenti kəsən R.Abdullayev və onu müşaiyət edən şəxslər binaya baxış keçirib, yaradılmış şəraitlə tanış olublar. SOCAR prezidentinə məlumat verilibr ki, Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilmiş bina Bakının Xətai rayonu, Zığ yolu üzərində tikilib. Binanın inşasına ötən ilin yanvar ayından başlanılıb.

"Neftqaztikinti" Trestinin 5 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən inşa olunmuş yeni inzibati bina pilləvari olmaqla 3, 5 və 7 mərtəbədən ibarətdir. İnzibati binada hər cür avadanlıqlarla təchiz olunmuş 90 iş otağı, 240 nəfərlik böyük və 30 nəfərlik kiçik konfrans zalları, yeməkxana, eləcə də 100 avtomobillik yeraltı dayanacaq mövcuddur. Bundan başqa, binanın ərazisində 2 ədəd yeni 1000 kVt-luq yarımstansiya, qazanxana və hər biri 150 kubmetrlik 2 ədəd su çəni inşa edilib. Yeni inzibati bina avtomatik yanğınsöndürmə sistemi ilə də təchiz olunub. 8247 kvadratmetrə yaxın sahəsi olan inzibati binanın ətrafı abadlaşdırılıb, asfalt örtüyü salınıb, yaşıllıqlar salınıb.

SOCAR prezidenti yeni inzibati binada yaradılmış şəraitdən, görülmüş işlərdən razı qaldığını söyləyib. O, yeni binanın açılışı münasibətilə kollektivi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. R.Abdullayev neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti