Bakı. Rufiz Hafizoğlu - Trend:
Transanadolu qaz kəməri (TANAP) istismara veriləndən sonra dünya enerji bazarında Azərbaycan və Türkiyənin mövqeləri daha da güclənəcək.
Bu barədə Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Türkiyə həmişə bu layihənin reallaşdırılmasına nikbin yanaşıb:
"TANAP-a heç vaxt hansısa layihənin alternativi qismində baxılmayıb. Öz növbəsində, Transanadolu qaz kəmərinin başqa alternativi yoxdur".
Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak TANAP-ın istismara verilməsi mərasiminin iyunun 12-də keçiriləcəyini bildirib.
Qeyd edək ki, 2015-ci ildə təməli qoyulan TANAP-ın tikintisi üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə davam etdirilir. Əvvəlcədən planlaşdırıldığı kimi, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.