...

“Azərişıq” ASC daha bir yenilik etdi (FOTO)

Energetika Materials 7 İyun 2018 13:34 (UTC +04:00)
Yeni xidmət sayəsində artıq istehlakçının işi asanlaşacaq, vaxta və büdcəyə qənaət ediləcək, keyfiyyətlilik və təhlükəsizlik təmin ediləcək.
“Azərişıq” ASC daha bir yenilik etdi (FOTO)

Bakı. Trend:

“Azərişıq” ASC daha bir yenilik edib.

Trend-in məlumatına görə, bunu “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli ilə Tədris Mərkəzinin direktoru Vüqar Əliyev keçirdikləri mətbuat konfransında açıqlayıblar.

Belə ki, yeni xidmət sayəsində artıq istehlakçının işi asanlaşacaq, vaxta və büdcəyə qənaət ediləcək, keyfiyyətlilik və təhlükəsizlik təmin ediləcək. Odur ki, elektrik avadanlıqlarının istismarı zamanı, anidən baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya elektrik şəbəkələrində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün indi ən yaxşı yol “ASAN xidmət” mərkəzlərinə yaxınlaşmaq və “Azərişıq” ASC-nin “İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidmətindən faydalanmaqdır.

Belə ki, artıq zavod, fabrik, müəssisə, təşkilat, şirkət, ofis, bağ, villa bir sözlə özəl sektorda, o cümlədən şəxsi mülkiyyətdə olan bütün kommersiya, kənd təsərrüfatı, sənaye və digər sahələrdəki istehlakçılar, balansındakı elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsini daha asan yolla və peşəkarlara həvalə edərək, həll edə biləcəklər.

Bu xidmət vasitəsi ilə abonentlərə kabel xətlərinin diaqnostikası, zədələrin təyini, istənilən hava şəraitində xətlərə baxış, ağacların budaqlarının neytrallaşdırılması, köhnə dayaqların dəyişdirilməsi, ildırımdan mühafizə troslarının ölçülməsi, transformatorlara baxış, yağ əlavəsi, gərginliyin nizamlanması, açıb-qoşma əməliyyatları, özəl müəssisələrin balansında olan yarımstansiyalarda daimi növbətçiliyin təşkili, açarların dəyişdirilməsi, ölçü cihazlarının quraşdırılması və ümumilikdə 500-dən çox əməliyyatlar həyata keçirilir. Bu xidmətin abonent üçün kifayət qədər üstünlükləri və xeyri var.

Məsələn, hansısa istehlakçının balansında olan yearaltı kabel və ya hava xəttində nasazlıq yaranır və bunun səbəbi bilinmir. Sözsüz ki, xəttin diaqnostikası, zədəli yerin ən qısa vaxta təyin edilməsini bütün maddi texniki bazası mövcud olan “Azərişıq”dan kənar hansısa elektrik işçisinin həyata keçirməsi mümkünsüz görünür. Ən azı ona görə ki, aparatların tapılması, bundan sonra lazım olan mal materialın axtarılaraq alınması, iş aparmaq üçün elektrikin kəsməsinə icazə almaq, yeraltı kabeldirsə, ərazinin qazılması və örtülməsi, hava xəttidirsə kranın və başqa texnikanın gətirilməsi vaxt itkisi ilə yanaşı ikiqat xərcdir. Üstəlik onun elektrik təhlükəsizlik qaydalarına uyğun olub-olmayacağı da şübhə altındadır. Lakin bu iş “Azərişıq” ASC-nin peşəkar kadrları tərəfindən ən müasir avadanlıqlarla həyata keçiriləndə həm istehlakçıların işi asanlaşır, həm təhlükəsizlik tədbirləri artırılır, həm vaxta qənaət edilir, həm israfçılığa yol verilmir, həm də keyfiyyətlilik və dayanıqlılıq təmin edilir.

“Azərişıq” ASC bundan sonra da istehlakçıların işinin asanlaşdırılması, təhlükəsizliyin təmin olunması və abonentlərin məmnunluğu üçün fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti