Bakı. Trend:
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və Birliyin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 165 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1690 metr polietilen və ümumi uzunluğu 9 599 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti quraşdırma işləri yekunlaşdırılıb istismara qəbul prosesindədir. Tezliklə təbii qazın verilişi təmin ediləcək.