...

Səfir Hüseyn Hüseynov "Həmrəylik halqası" ilə Azərbaycan qazının Avropaya tədarükünün təfərrüatlarını açıqlayıb (ÖZƏL)

Energetika Materials 25 Aprel 2023 13:21 (UTC +04:00)
Səfir Hüseyn Hüseynov "Həmrəylik halqası" ilə Azərbaycan qazının Avropaya tədarükünün təfərrüatlarını açıqlayıb (ÖZƏL)

Bakı. Trend:

Aprelin 25-də Azərbaycandan "Həmrəylik halqası" (STRING) vasitəsilə qaz tədarükünə dair imzalanan Anlaşma Memorandumu Bolqarıstanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, bütün regionun enerji təhlükəsizliyinə töhfə verəcək.

Bunu Trend-ə özəl müsahibəsində Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov deyib.

Bundan əlavə, səfir hesab edir ki, bu, Bolqarıstanın Balkanlarda qaz qovşağı kimi rolunu artıracaq və ölkənin qaz bazarına müsbət təsir göstərəcək.

H.Hüseynov xatırladıb ki, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) 2020-ci ildə istifadəyə verilməsi Azərbaycan təbii qazının Aİ istehlakçılarına çatdırılmasına imkan yaradıb və bununla da Avropanın enerji təhlükəsizliyinə və qaz tədarükünün şaxələndirilməsinə böyük töhfə verib.

"Bolqarıstan, Yunanıstan, İtaliya kimi ölkələr Azərbaycanın “Şahdəniz” yatağından qaz almağa başladılar ki, bu da daxili qaz bazarının vəziyyətini və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı, eləcə də digər mənbələrdən qaz tədarükünün qiymətlərini aşağı saldı. Ukraynadakı müharibə Avropa qitəsində enerji böhranını daha da kəskinləşdirib. Belə bir şəraitdə Azərbaycan rəhbərliyi bir daha avropalı tərəfdaşlarla həmrəy olduğunu nümayiş etdirdi və Azərbaycan təbii qazının Avropaya ixracını 2027-ci ilin sonuna qədər ilkin olaraq planlaşdırılan 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq üçün 2022-ci ilin iyulunda Aİ ilə Anlaşma Memorandumu imzaladı. 2022-ci ildə Azərbaycan artıq Avropa bazarına 11,4 milyard kubmetr qaz ixrac edib və bu ilin sonuna bu rəqəmin 12 milyard kubmetrə çatacağı gözlənilir", - deyə səfir bildirib.

O qeyd edib ki, bütün bu dəyişikliklər Bolqarıstan hökumətinin Azərbaycandan və potensial olaraq digər mənbələrdən əlavə həcmdə təbii qazın tədarükünü asanlaşdırmaq üçün irəli sürdüyü "Həmrəylik halqası" (STRING) təşəbbüsünün əsasını təşkil edib.

"Təşəbbüsün məqsədi Azərbaycan, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın Azərbaycandan təbii qazın yuxarıda göstərilən ölkələrin mövcud qaz nəqli infrastrukturundan istifadə edərək Avropa ölkələrinə çatdırılması üçün səylərini birləşdirməkdir. Bu məqsəd üçün Bolqarıstanın "Bulqartransgaz", Rumıniyanın "Transgaz", Macarıstanın FGSZ və Slovakiyanın "EUSTREAM" şirkətlərinin qaz ötürücü şəbəkələrindən istifadə edilməsi nəzərdə tutulur. Bu baxımdan Azərbaycan və Türkiyə əlavə qaz həcmlərinin çatdırılmasında və nəqlində əsas rol oynayacaq", - deyə H.Hüseynov əlavə edib.

Qeyd edək ki, Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), "FRGZ" (Macarıstan), "EURSTREAM" (Slovakiya) şirkətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumu ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir.

Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın "Həmrəylik halqası" adlandırılan modernizasiya olunmuş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti