Bakı. Trend:
“bp” və “Apollo”, “Apollo Funds Fondu” tərəfindən “Trans Adriatic Pipeline AG” (TAP) səhmlərinin 20 faizinə sahib olan “bp Pipeline TAP Limited”-in nəzarətsiz səhm paketini almaq üçün müqavilə bağlayıblar.
Trend xəbər verir ki, “bp”-nin məlumatına görə, sövdələşmənin dəyəri 1 milyard ABŞ dolları qiymətləndirilir. Şirkətlər qaz, aşağı karbonlu enerji və infrastruktur layihələri sahəsində daha geniş əməkdaşlıq imkanlarını nəzərdən keçirirlər.
"‘Apollo’ ilə Avropa üçün mühüm bir enerji obyekti üzərində əməkdaşlıq etməkdən məmnunuq. Bu sövdələşmə, Azərbaycan qaz biznesi ilə bağlı strateji rolumuzu azaltmır və gələcəkdə oxşar tərəfdaşlıqların inkişaf perspektivlərini görürük", - “bp”-nin qaz və aşağı karbonlu enerji üzrə vitse-prezidenti Uilyam Lin şərh edib.
Sövdələşmə “bp”-nin kapitalı daha effektiv idarə etməsinə və 2024-cü ildə 2-3 milyard dollar dəyərində divestisiya məqsədlərinə çatmasına kömək edəcək.
Sövdələşmənin 2024-cü ilin IV rübündə, bütün tənzimləyici və tərəfdaş təsdiqlərini aldıqtan sonra tamamlanması gözlənil.
Apollo tərəfdaşı Skardon Beyker, bu sazişin investorlar üçün uzunmüddətli yüksək keyfiyyətli davamlı gəlir axını təmin etdiyini, “bp”-nin isə nəzarəti qoruyub effektiv kapital bölgüsü strategiyasını həyata keçirməyə davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəməri (TAP) Avropanın enerji tələblərinin ödənilməsində mühüm rol oynayan infrastruktur obyektidir. Bu, Cənubi Qaz Dəhlizinin 880 kilometr uzunluğunda olan son hissəsidir və Şah-Dəniz yatağından (Azərbaycan) Avropanın Yunanıstan və İtaliya kimi ölkələrinə təbii qaz nəql edir.