Bakı. Trend:
OPEC yaxın gələcəkdə neftə olan tələbin zirvəyə çatacağını gözləmir.
Bunu Trend-ə verdiyi özəl müsahibədə təşkilatın baş katibi Heysəm Əl Qeys bildirib.
“Bunun bir neçə səbəbi var. Birincisi demoqrafik və iqtisadi tendensiyalarla əlaqədardır. 2050-ci ilə kimi dünya əhalisinin sayının 9.7 milyard nəfərə çatacağı gözlənilir. Urbanizasiya prosesi sürətlənəcək və qeyd olunan zamana qədər əhalinin üçdə ikisi şəhərlərdə yaşayacaq. Bundan başqa, 2050-ci ilə qədər dünya iqtisadiyyatı, proqnozlara əsasən, iki dəfə böyüyəcək. Artıq 2030-cu ilə qədər dünya əhalisinin beşinci milyardı orta sinifə qoşulacaq - müqayisə üçün deyim ki, bu gün onların sayı dörd milyardan çoxdur”, - deyə o bildirib.
Baş katib vurğulayıb ki, bu proseslər enerji istehlakının əhəmiyyətli dərəcədə artması ilə müşayiət olunacaq, bu isə neftə tələbatın da artması deməkdir.
“2050-ci ilə qədər, bizim proqnozlara görə, dünyada enerji istehlakı 24% artacaq, neftə olan tələb isə günə 120 milyon barreli ötəcək. Əslində, artıq elə bu gün dünya əvvəlkindən daha çox bütün enerji növlərini – daş kömür, neft, qaz, odun, elektrik enerjisi – istehlak edir”, - deyə Əl Qeys bildirib.
O əlavə edib ki, bir enerji mənbəyinin artımı digər enerji növlərinin də artımını stimullaşdırır:
“Misal üçün, neft məhsulları ilə işləyən texnika, həmçinin, neft əsaslı materiallar istehsalatda, eləcə də, külək turbinlərinin, günəş elektrik stansiyalarının, bərpa olunan enerjinin digər obyektlərində geniş istifadə olunur. Neft məhsulları litium-ion batareyalarının istehsalı üçün də vacibdir, həmçinin, ondan elektrik şəbəkə infrastrukuturunun bütün zəncirində istifadə olunur”.
“Bundan başqa, bizim gündəlik olaraq istifadə etdiyimiz bir çox neft və neft-kimya məhsullarını da yaddan çıxarmamalıyıq. Bu, benzin, dizel yanacağı və ya aviasiya nefti ilə çalışan nəqliyyatdır; noutbuk, kompüter, televizorların hazırlandığı plastikdir; xəstəxanalarda istifadə olunan tibbi məmulatlar və avadanlıqlardır; qida məhsullarını saxlayan qablaşdırmalardır, kənd təsərrüfatı məhsulları və məişət mallarıdır. Bütün bunlar neftə tələbatın artmaqda davam edəcəyini göstərir”, - deyə Əl-Qeys bildirib.
OPEC qərarlarına təsir edən yeni tendensiyalar
OPEK baş katibi qeyd edib ki, təşkilat mütəmadi olaraq bazar proqnozlarının monitorinqini və onlara yenidən baxılmasını həyata keçirir.
“Bu, OPEC Katibliyinin gündəlik işinin bir hissəsidir. Hazırda biz qlobal iqtisadi artım perspektivi ilə bağlı nikbinliyimizi qoruyub saxlayırıq: 2025-ci ildə onun 3% civarında olacağı proqnozlaşdırılır, 2026-cı ildə isə 3,1%.
Bununla yanaşı, neftə illik tələbat artımının hər iki il üzrə sutkada 1,3 milyon barel təşkil edəcəyi gözlənilir. Lakin biz hələ də bir çox qeyri-müəyyənlik faktorlarını nəzərə alırıq”, – deyə o bildirib.
Onun sözlərinə görə, qısamüddətli perspektivdə əsas risklər arasında ABŞ ilə əsas ticarət tərəfdaşları arasında sazişlərin imzalanacağına dair gözləntilərə baxmayaraq, tarif mübahisələri və ticarət ziddiyyətləri qalmaqdadır.
“Aydındır ki, qarşıdakı aylarda ayıq-sayıqlıq qorunmalıdır və OPEC bazarda baş verən bütün dəyişiklikləri gündəlik izləməyə davam edəcək”, – deyə əl Qeys əlavə edib.
Əl Qeys vurğulayıb ki, OPEC və Əməkdaşlıq Bəyannaməsi çərçivəsində onun tərəfdaşları üçün əsas prioritet qlobal mənzərəyə kompleks yanaşmadır.
“Biz dünya neft bazarına təsir edən bütün əsas amilləri – iqtisadi artım tempindən tutmuş tələbat və təklif balansına, eləcə də, ehtiyat səviyyəsinə qədər – diqqətlə izləyirik. Bütün qərarlar etibarlı məlumatlar, dərindən aparılmış təhlil və real vəziyyət əsasında qəbul olunur. Bu isə bizim əsas məqsədimizi – tarazlaşdırılmış bazar və dayanıqlı sabitliyi – diqqətdən qaçırmamağımız üçün son dərəcə vacibdir”, – deyə o qeyd edib.
OPEC+ gələcəyi
Baş katib qeyd edib ki, Əməkdaşlıq Bəyannaməsi (DoC), daha çox OPEC+ kimi tanınan format tarazlaşdırılmış və sabit neft bazarına nail olmaq istiqamətində tam şəkildə fokuslanmaqda davam edir.
“OPEC+ bazarın sabitliyini təmin etmək üçün sənaye sahəsinin bütün iştirakçılarının – istehsalçılar, istehlakçılar, investorlar və bütövlükdə qlobal iqtisadiyyatın maraqları naminə səylər göstərir. İştirakçı ölkələr tərəfindən həyata keçirilən könüllü hasilat düzəlişləri öz effektivliyini sübut edib. Xüsusilə OPEC+ səyləri nəticəsində 2024-cü ildə neft ən az dəyişkənliyə məruz qalan xammal məhsulu olub”, – deyə Əl Qeys bildirib.
Onun sözlərinə görə, doqquz illik fəaliyyəti ərzində DoC formatı bazardakı qeyri-sabitliklərin – COVID-19 pandemiyasının yaratdığı böhrandan tutmuş müxtəlif mərhələlərdəki qlobal iqtisadi qeyri-müəyyənliklərə qədər – aradan qaldırılmasında effektiv mexanizm kimi özünü təsdiqləyib.
“Əldə olunmuş nəticələri və iştirakçı ölkələr arasında olan möhkəm birlik və əlaqələndirmə ruhunu nəzərə alsaq, OPEC+ dünya neft bazarını sabitləşdirməyi davam etdirmək üçün bütün imkanlara malikdir. Bu, qlobal enerji məkanının müasir strukturunun vacib elementidir”, - deyə o bildirib.
Neftin “enerjili gələcək” gündəminə inteqrasiyası
OPEC baş katibinin fikrincə, energetikanın gələcəyinin müzakirəsində hər kəs iştirak etməlidir.
“Bu, hər zaman bizim prinsipimiz olub: biz inklüzivlik tərəfdarıyıq, istisnanın yox. Biz heç kimi qovmuruq və heç nəyi inkar etmirik. Biz Azərbaycanda keçirilən COP29 danışıqlar masasında bütün tərəflərin təmsil olunmasını yüksək qiymətləndiririk.
Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un açılış mərasimində qeyd etdiyi kimi, həqiqətən, neft və qaz - “bu, Tanrının bəxş etdiyi hədiyyədir”.
Onlar istehsalçı ölkələr üçün, eləcə də, bütün dünyadan olan istehlakçılar üçün həyati əhəmiyyətli qalmaqdadır. Bundan başqa, onların payına dünyanın enerji balansının təxminən 55 faizi düşür. Neft və qazın rolu nəzərə alınmadan iqlim və gələcək enerji yollarının müzakirəsi qeyri-mümkündür", – deyə OPEC baş katibi bildirib.
O hesab edir ki, inklüzivlik gələcək inkişaf üçün bir əsas olmalıdır.
“Biz aydın şəkildə anlamalıyıq ki, aşağı emissiyalı gələcək qurmaqla yanaşı, enerji təhlükəsizliyini təmin etmək və enerjiyə ümumi çıxışı reallaşdırmaq müxtəlif yanaşmalar tələb edir. Bu, nə ölkələr, nə də sənaye sahələri üçün ‘hamıya eyni yol’ deyil. OPEC olaraq biz enerji həllərinin beynəlmiləlliyi prinsipinə sadiqik. Artan tələbatı və ehtiyacları tək bir enerji mənbəyi qarşılamayacaq”, – deyə Əl Qeys əlavə edib.
Baş katib vurğulayıb ki, OPEK bütün xalqların maraqlarını nəzərə alan yanaşmanın tərəfdarıdır. Bu yanaşma hər bir ölkənin imkanlarını, milli xüsusiyyətlərini və inkişaf prioritetlərini nəzərə alaraq, heç kimin kənarda qalmamasını təmin etməlidir.
“İnkişaf etməkdə olan dünyada milyardlarla insan hələ də enerji sahəsindəki boşluğu doldurmağa çalışır. Bu insanlar üçün enerji gələcəyi müxtəlif enerji mənbələrinin xərcləri və faydaları ilə bağlı müzakirələr və ya eleketrik avtomobili almaq seçimi ilə bağlı deyil. Söhbət inkişaf etmiş ölkələrin adi hal kimi qəbul etdiyi əsas enerji ehtiyaclarına çatmaqdan, məsələn, işıq yandırmaq, təmiz sobada yemək bişirmək, işə və ya məktəbə getmək üçün mühərrikli nəqliyyat vasitəsinə sahib olmaq imkanından gedir. “Ümumi, lakin fərqləndirilmiş öhdəliklər və müvafiq imkanlar” prinsipi həlledici əhəmiyyət daşıyır və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası prosesinin və COP görüşlərinin təməlini təşkil edir.
Məhz bu səbəbdən texnologiyaya əsaslanan yanaşmanı dəstəkləyirik və üzv dövlətlərimiz karbonun tutulması, istifadəsi və saxlanması, havadan birbaşa karbonun tutulması, dövri karbon iqtisadiyyatı, eləcə də, hidrogen, bərpaolunan enerji və nüvə enerjisi kimi digər enerji mənbələrinə investisiyalar yatırırlar.
Biz bu ilin sonuna Braziliyada COP30-un keçirilməsini səbirsizliklə gözləyirik – adıçəkilən ölkə bu yaxınlarda OPEC və OPEC-ə daxil olmayan ölkələrin Əməkdaşlıq Xartiyasına qoşulub”, - deyə o yekunlaşdırıb.