"Azəri-Çıraq-Günəşli" yataqlar blokunu mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2006-cı ilin I rübündə müqavilə sahəsində 4,658 mln ton Azəri Light növlü neft hasil edib ki, bu da 2005-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,625 mln ton çoxdur. Hasilatın artımı ötən ilin fevralında "Azəri" yatağının mərkəzi hissəsindən və 2006-cı ilin yanvarından "Azəri" yatağının qərb hissəsindən hasilatın başlanması ilə izah olunur.
ABƏŞ-dən Trend ə verilən məlumata görə, 2006-cı ilin yanvar-mart aylarında "Çıraq" yatağından 1,825 mln ton neft hasil edilib. Bu rəqəm 2005-ci ilin I rübündə 1,762 mln tona bərabər olub. 2005-ci ilin I rübündə 271,272 min tona qarşı 2006-cı ilin yanvar-mart aylarında "Azəri" yatağında (qərbi və mərkəzi hissələr) 2,833 mln ton neft hasil edilib.
2006-cı ilin martında ABƏŞ 1,688 mln ton neft hasil edib ki, bu da 2005-ci ilin mart ayı ilə müqayisədə 802,73 min ton çoxdur. 2006-cı ilin martında "Çıraq" yatağında 618,556 min ton neft hasil edilib. Bu göstərici 2005-ci ilin martında 614 min ton təşkil edib. 2005-ci ilin martında 271,27 min tona qarşı 2006-cı ilin martında "Azəri" yatağından (qərbi və mərkəzi hissələr) 1,07 mln. ton neft hasil edilib.