Neftçilərin hüququnu müdafiə komitəsi Great Wall Drilling (GWD) şirkətinə qarşı məhkəmə iddiasının qaldırılmasında şirkətin azərbaycanlı işçilərinə kömək etməyə hazırdır. Bu barədə Trend ə komitənin başçısı Mirvari Qəhrəmanlı məlumat verib.
Onun sözlərinə görə, işçilərin ərizələri əsasında GWD şirkətinə qarşı məhkəmə iddiasının qaldırılmasına dair bu gün şirkətin 40 əməkdaşı ilə görüşün keçirilməsi planlaşdırılır.
Komitə başçısı yaranmış vəziyyəti həll etmək məqsədi ilə bu gün əmək müfəttişliyinə müraciət etmək, Çinin Azərbaycandakı səfiri ilə görüşə nail olmaq fikrindədir.
"Biz məhkəmə təhqiqatını bu vəziyyətdən çıxmaq üçün ən yaxşı variant hesab edirik", - deyə o qeyd edib.
Komitə başçısı bildirib ki, şirkət əməkdaşlarının şahidliyinə görə, GWD şirkətində vergidən yayınma faktları mövcuddur, əmək haqqı qanunsuz şəkildə azaldılır, qəza zamanı vəsaitlər ödənilmir, nəticədə işçilərin səhhətinə ziyan dəyir, iş vaxtından artıq işləməyə görə pul ödənilmir.
Great Wall Drilling hazırda "Kürsəngi-Qarabağlı" yatağında Salyan Oil əməliyyat şirkəti üçün qazıntı işləri aparır. Şirkət istismar və kəşfiyyat quyuları qazır.