...

EITI idarə heyəti ikinci dəfə toplaşacaq

Energetika Materials 20 Dekabr 2006 17:43 (UTC +04:00)

Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflıq təşəbbüsü (EITI) üzrə idarə heyətinin ikinci iclasının 2007-ci ilin mart -aprel aylarında keçiriləcəyi ehtimal olunur. Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru, EITI üzrə dövlət komissiyasının başçısı Şahmar Mövsümovun Trend ə verdiyi xəbərə görə, iclasın keçiriləcəyi yer hələ müəyyən olunmayıb. Əvvəlki iclas Nyu-Yorkda, BMT-nin qərargahında keçirilib.

İlk toplantı zamanı idarə heyətinin fəaliyyətinə aid müxtəlif məsələlər müzakirə olunub, eləcə də EITI Katibliyinin gələcək yerləşmə yerinin müəyyən olunması məsələsi üzrə fikir mübadiləsi aparılıb. Norveç hökümətinin təşəbbüsünü nəzərə alaraq, Katibliyin Osloda yerləşməsi haqqında qərar qəbul olunub.

İdarə heyətinin üzvləri həmçinin Şəffaflıq təşəbbüsünə qoşulmuş, onun tətbiqi üzrə öhdəliyi öz üzərinə götürmüş ölkələrin icrasına aid məsələləri müzakirə ediblər. Müzakirələr zamanı növbəti dəfə EITI-nın tətbiqində Azərbaycanın aparıcı rolu təsdiq olunub və öz öhdəliklərini yerinə yetirməyən ölkələrin Təşəbbüsü tətbiq edən dövlətlərin siyahısından çıxarılması təklif olunub.

EITI üzrə idarə heyəti Təşəbbüsün gələcək fəaliyyətinin əlaqələndirilməsi üçün 16 oktyabr 2006-cı ildə Osloda təsis olunub. Onun əsas funksiyaları EITI-nın ümumi inkişafı, onun strateji istiqamətləri və Təşəbbüsün tətbiqinin səmərəliliyi üzərində nəzarətin təmin olunması və onların növbəti beynəlxalq konfransda təqdim olunması üzrə tövsiyyələrin hazırlanması olacaq.

İdarə heyətinin tərkibinə EITI-nı tətbiq edən beş ölkə - Azərbaycan, Qvineya, Qabon, Qırğızıstan və Nigeriya, Təşəbbüsü dəstəkləyən üç blkə - ABŞ, Böyük Britaniya və Almaniya, eləcə də beş QHT, beş hasilat şirkətinin və bir investisiya şirkətinin nümayəndələri daxildir.

Xəbər lenti

Xəbər lenti