...

Kulevidəki terminal ilin dördüncü yarısında istismara veriləcək

Energetika Materials 14 Avqust 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Hökumətdən verilən məlumata görə, Kulevidəki neft terminalının istismara 2007-ci ilin dördüncü rübündə veriləcəyi planlaşdırılır. Hazırda terimnala qədər əlavə dəmir yolunun çəkilməsi ilə bağlı iş aparılır. Kulevidəki terminal Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur, belə ki, şirkət bu layihədə 51% iştirak payına malikdir. Yüklərin boşaldılıb yüklənməsinə Azərbaycan Dövlət Neft Şirkətinin ixrac etdiyi məhsullarla başlamaq nəzərdə tutulur. Hazırda boşaldılıb yüklənmənin həcmini artırmaq məqsədilə yük cəlb edilməsi üçün Qazaxıstandan olan yük göndərənlərlə danışıqlar aparılır. Cari il ərzində 1 mln. tondan çox yük daşımaq nəzərdə tutulur.

ARDNŞ bu il terminalın tikintisi məqsədilə sindikatlaşdırılmış kredit əldə edib. Kreditin ümumi məbləği 301 mln. dollar təşkil edib. İlin əvvəlində 265 mln. dollar həcmində kredit əldə olunub. İlin ortalarında 40 mln. dollar əlavə kredit əldə edilib. 15 xarici banklardan kredit sindikatına "Societe Generale" başçılıq edib. Kreditin neftin hazırkı yüksək qiymətlərini nəzərə almaqla 2009-cu ilə qədər qaytarılması planlaşdırılır.

Kredit Azərbaycanı "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi layihəsində təmsil edən "AzACG Ltd" şirkəti tərəfindən götürülüb. "AzACG Ltd" Libor+0,85 faizi ilə kredit əldə edib və krediti yenidən daha yüksək faizlə Kulevidəki terminalın tikintisi üçün yaradılmış "Karolina" şirkətinə təqdim edib.

"Karolina" şirkətinin əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkətidir və bu şirkət 51% iştirak payına malikdir. Kredit "AzACG Ltd" şirkətinə illik faiz dərəcəsi 2,5% olmaqla verilib.

Kulevi terminalının tikintisi yayda başa çatacaq.

Hazırda terminalın boşaldıb-yükləmə gücü 10 mln. ton təşkil edir. Terminalın hövzə parkı 320 min kubmetr təşkil edir. Terminalın boşaldıb-yükləmə gücünü 15-20 mln. tona çatdırmaq və hövzə parkını 380 min kubmetrə qədər artırmaq planlaşdırılır. Dörd dəmir yolu xətti ilə terminala 168 sisterinin daşınması mümkündür. Keçid kanalının və 3 limanın tikintisi artıq başa çatıb.

Ekspertlərin fikrincə, bu terminal vasitəsilə yüklərin boşaldılıb yüklənməsi üçün tarifələr yüksək olmayacaq. Ekspertlər hesab edirlər ki, Poti-Kulevi qolu Batumi xəttindən qısa olduğu üçün tarifləri də aşağı olacaq.

Xəbər lenti

Xəbər lenti