Bakı. Trend:
AccessBank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycandakı şirkətlərə birgə kredit vermək barədə razılaşma imzalayacaq.
Trend xəbər verir ki, bu barədə özəl müsahibədə AccessBank-ın idarə heyətinin sədri Davit Tsiklauri bildirib.
"Bu il ərzində AccessBank AYİB ilə bir neçə razılaşma imzaladı və artıq təqdim olunan vəsaitlərdən istifadə etməyə başladıq. Bundan əlavə, yaxın zamanda AYİB ilə Risk Paylaşımı Quruluşu (Risk Sharing Facility) barədə razılaşma imzalayacağıq. Bu razılaşma Azərbaycandakı şirkətlərə birgə kredit vermək imkanı yaradır.
AYİB-in vəsait verdiyi və biz onları kredit şəklində təqdim etdiyimiz adi sxemdən fərqli olaraq, burada söhbət konkret Azərbaycan şirkətinə kreditin birgə verilməsindən gedir. Bu, nəyi təmin edir? Birincisi, bizə daha iri layihələri maliyyələşdirmək imkanı verir. AYİB ilə əməkdaşlıq sayəsində resurslarımızı birləşdirərək, təkbaşına verəbləcəyimizdən əhəmiyyətli dərəcədə yüksək kredit təqdim edə bilərik", - o qeyd edib.
Tsiklauri bildirib ki, bu, Azərbaycanda ilk belə təşəbbüsdür və gələcəkdə AYİB-in bu yanaşmanı AccessBank ilə genişləndirməsinə və digər banklara da tətbiq edə biləcəyinə ümid edir.
"Bu, hazırda layihələrinin maliyyələşdirilməsi üçün yalnız iri banklara müraciət etməyə məcbur olan şirkətlərin kreditləşdirilməsinə müsbət təsir göstərəcək", - o əlavə edib.
Onun sözlərinə görə, AccessBank hazırda yeni investorlarla danışıqlar aparır.
"Biz onların bazarımıza olan marağını təzələməyə çalışırıq ki, onlar təkcə investisiyalar deyil, həm də kreditlər verməklə yenidən aktiv kreditorlar olsunlar.
Hazırda yeni tərəfdaşlarla, o cümlədən, 2012-ci ildən Azərbaycanda aktiv fəaliyyət göstərməyən bir təşkilatla danışıqlar aparırıq. Onların bazarımıza olan marağını yenidən artırmağa çalışırıq ki, onlar təkcə investisiyalar deyil, həm də kreditlər verməklə yenidən aktiv kreditorlar olsunlar. Bu, azərbaycan biznesinə necə təsir edir? Birincisi, bu əlavə likvidlik təmin edir, həm daxili, həm də xarici. Əvvəlcə bu xarici kreditorlar banklara kredit verirlər, çünki banklar bazarı, iqtisadiyyatı, mədəni xüsusiyyətləri və ölkənin xüsusiyyətlərini daha yaxşı bilirlər. Zamanla kreditorlar Azərbaycanla tanış olduqca, yerli şirkətlərə birbaşa kredit vermək imkanı yaranır ki, bu da ölkə iqtisadiyyatı üçün faydalıdır. Belə investorları Azərbaycana nə qədər çox cəlb etsək, onların təkcə bank sektoruna deyil, iqtisadiyyatın real sektoruna da kredit verməyə başlaması ehtimalı o qədər yüksəkdir ki, bu da çox müsbət tendensiyadır", - o deyib.
Tsiklauri qeyd edib ki, AccessBank-ın potensial tərəfdaşlarından biri DFC-dir.
"Onlar 2000-ci illərin əvvəllərində və 2010-cu illərdə Azərbaycanda aktiv fəaliyyət göstərdilər, kreditlər və zəmanətlər təqdim etdilər, amma daha sonra ölkədə fəaliyyətlərini dayandırdılar. Onlarla artıq təxminən 2 ildir danışıqlar aparırıq və hələ yekun razılaşma olmasa da, uğurla tamamlanma ehtimalı yüksəkdir", - o əlavə edib.
İdarə Heyətinin sədri AccessBank-ın yaxın zamanda Apple Pay ödəmə həllini təqdim etməyi planlaşdırdığını vurğulayıb.
"Avqustda AccessBank Google Pay-i işə saldı, növbəti ay isə Apple Pay-i təqdim edəcək. Bu xidmətləri artıq uğurla sınaqdan keçirmişik. Bu ödəmə həllərinin tətbiqindəki gecikmə yeni prosessinq mərkəzinə keçid ilə bağlı idi ki, bunu uğurla başa çatdırmışıq. Həmən sonra bu xidmətlərin inteqrasiyasına başladıq və indi müştərilərimizə təqdim etməyə hazırıq", - Tsiklauri deyib.
İdarə Heyətinin sədri AccessBank-ın müştərilərinin, xüsusən də müştəri bazasının əhəmiyyətli hissəsini təşkil edən biznes müştərilərinin rahatlığını artırmağa davam etdiyini vurğulayıb.
"Məsələn, yaxın bir ay ərzində tamamilə yeni məhsul olmasa da, mövcud xidmətlərin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsini əhatə edən bir güncəlləməni təqdim etməyi planlaşdırırıq. İndi müştərilərimiz tətbiqdə müraciət edə biləcəkləri kredit limitlərini görə biləcəklər. Avtomatlaşdırma və skorinq modelləri sayəsində biz müştərinin cari krediti olub-olmamasından asılı olaraq hansı məbləğdə kredit ala biləcəyini müəyyən edə bilərik. Bu məlumat müştərilər üçün mobil tətbiqdə əlçatan olacaq və onlar bir kliklə göstərilən məbləğdə kredit üçün bankla əlaqə saxlaya biləcəklər", - o əlavə edib.
Onun sözlərinə görə, bankın müştəriləri maliyyə davranışı və tarixi əsasında fərdiləşdirilmiş təkliflər ala biləcəklər.
"Əgər müştəri maraqlıdırsa, o, düyməni sıxaraq, bizə müraciət edəcək, biz tez bir zamanda onun cari məlumatlarını yoxlayacağıq və hər şey qaydasındadırsa, kredit sənədlərini imzalamaq üçün təklif edəcəyik", - qeyd edib.
Tsiklauri AccessBank-ın biznes seqmentinə diqqət yetirmək niyyətində olduğunu vurğulayıb.
"AccessBank 2022 və 2023-cü illərdə başladığı uğurlu işi davam etdirir, bu da Azərbaycandakı bankçılıq və maliyyə sisteminin inkişafı ilə bağlıdır. Ölkənin iqtisadi göstəriciləri müsbət dinamikanı nümayiş etdirir və biz demək olar ki, bütün sektorlarda, xüsusilə də qeyri-neft sektorlarında aktiv inkişafı görürük", - o deyib.
Onun sözlərinə görə, 6 ayın yekunlarına görə biznes portfeli və kredit portfeli baxımından, AccessBank ən iri banklar arasında 5-ci yerdə qərarlaşıb, bu da xoş bir sürpriz oldu.
"Biz kiçik müəssisələrin dəstəklənməsinə fokuslanmışıq və onların Azərbaycanın hər yerində aktivliyinin artdığını müşahidə edirik. Regionlarda bazar payımız Abşeron yarımadasındakından yüksəkdir, burada banklar arasında rəqabət daha intensivdir. Buna baxmayaraq, bölgələrdə aktiv müştəri bazasının sabit artımını görürük", - o əlavə edib.
Tsiklauri qeyd edib ki, 2024-cü ilin ilk 6 ayında ümumi kredit portfeli 8 faiz artıb.
"Kiçik və orta sahibkarlıq sektorundakı nəticələr xüsusilə təsiredici idi - portfeli yüzdə 17 artdı və işimizin əhəmiyyətli bir hissəsini təşkil edən mikro portfel yüzdə 10 artdı. 8 faiz artımın əsas hissəsi məhz bu göstəricini aşan biznes seqmenti idi. Yaxın bir neçə ildə biznes fokusunu qorumağı planlaşdırırıq. Ümumi sektordakı artım əvvəlki illərlə müqayisədə bir qədər yavaşlayıb, amma bu problem deyil, çünki son iki ildə artım çox aqressiv olub. İndi bazar sabitlik vəziyyətinə gəlib və bu tendensiyanın davam edəcəyini gözləyirik", - o qeyd edib.
İdarə Heyətinin sədri AccessBank-ın digər parametrlər üzrə göstəricilərinin də sabit qaldığını vurğulayıb.
"Bankın kapital bazası artır, kapitalın kifayətliliyi səviyyəsi də yaxşılaşır. Xərclərin ümumi gəlirin 55 faizindən aşağı enməsi xoş bir sürpriz oldu. Gələcək 12 ay ərzində 50 faiz həddini keçməyi ümid edirik ki, bu da mühüm səviyyədir. Biz əminik ki, gələcək inkişafımız sağlam maliyyə göstəriciləri ilə davam edəcək", - o əlavə edib.
Onun sözlərinə görə, AccessBank biznes və pərakəndə kreditlərin nisbətini saxlamaq niyyətindədir.
"Pərakənd seqmenti iki əsas hissəyə bölünür: depozit və kredit. Depozit hissəsində biz geniş müştəri bazasına malikik. Maliyyələşdirməmizin əsas hissəsi depozitlərdən gəlir və mən əminliklə deyə bilərəm ki, bu seqmentdə bizim portfelimiz digər bizim ölçüdə banklarla müqayisədə ən yüksəklərdən biridir. Bizim bankdakı pərakəndə və qeyri-pərakəndə depozitlərin faiz nisbəti bazarda ən yüksək nisbətlərdən biridir ki, bu da müştərilərimizin bizə olan yüksək etibarını göstərir", - o deyib.
Onun sözlərinə görə, kredit portfeli 2022-ci ildən formalaşmağa başlayıb və hələ də nisbətən kiçikdir, bankın ümumi portfelinin təxminən 20-22 faizini təşkil edir.
"Hazırda biz nisbəti saxlamağı planlaşdırırıq: təxminən 70 faiz biznes krediti və 25 faiz pərakəndə krediti. Biz bu seqmenti tədricən inkişaf etdiririk, kəskin genişlənməyi məqsəd qoymuruq. Pərakənd seqmentində işləmə konsepsiyamız bir qədər fərqlidir: biz xidmətlərin yüksək keyfiyyətini təqdim etməyə çalışırıq, sadəcə kreditlərin həcmini artırmağa deyil. Bilirik ki, iri banklarla, xüsusən də kreditləşmədə sərt rəqabət şəraitində xidmət keyfiyyəti əsas amildir. Faizlərdə rəqabət etmək əvəzinə, məhsulun və xidmətin keyfiyyətinə fokuslanırıq", - o deyib.
İdarə Heyətinin sədri vurğulayıb ki, AccessBank-ın öz kapitalının rentabellik göstəricisi (ROE) 2024-cü ilin yekunlarına görə nəzərdə tutulan hədəfdən yüksək olacaq.
"Ötən ilin yekunlarına görə, AccessBank hədəflədiyi 20 faiz ROE göstəricisinə çatmağı bacardı. Biz məhz bu göstəriciyə yönəlmişdik, çünki bunu səhmdarlarımıza üçün sağlam rentabellik səviyyəsi hesab edirik. Niyə 20 faiz? Çünki bu göstərici bankın sabit inkişafı və yeni məhsullar təqdim etmə imkanı verir. Ayrıca, bu Azərbaycana yeni investorlar cəlb edir.
Səhmdarlarımıza 20 faizdən yuxarı gəlir təmin etsək, bazar onlar üçün maraqlı olur. 2023-cü il çox uğurlu oldu, çünki bu həddi aşmağı bacardıq. 2024-cü ilin ilk 7 ayı ərzində də 20 faizdən yuxarı gəlirlilik göstəricilərini nümayiş etdirməyə davam edirik. Əminəm ki, bu il biz bu səviyyəyi saxlaya biləcəyik", - o əlavə edib.
Onun sözlərinə görə, AccessBank iş proseslərini yaxşılaşdırmaq və avtomatlaşdırmanı gücləndirmək niyyətindədir.
"Gələcək üç ildə fəaliyyət profilimizi köklü şəkildə dəyişdirməyi planlaşdırmırıq. AccessBank-ın güclü və zəif tərəfləri var. Bizim güclü tərəfimiz biznes kreditləridir və bu sahədən imtina etməyi düşünmürük, əksinə, onu təkmilləşdirmək niyyətindəyik. Məsələn, biz iş proseslərini yaxşılaşdırmağı və avtomatlaşdırmanı gücləndirməyi planlaşdırırıq. Məqsədimiz bütün müştərilər, o cümlədən, biznes müştəriləri üçün ən rahat və əlverişli şərait yaratmaqdır. Bu, xüsusən də çox vaxt hər şeyi özbaşına idarə edən və ya kiçik komandaya sahib olan kiçik bizneslər üçün vacibdir. Onlara pul və kreditlərə asan çıxış, sürətli monitorinq və digər xidmətlər lazımdır. Bu aspektləri yaxşılaşdırmaq üçün çalışacayıq", - o vurğulayıb.
Onun sözlərinə görə, AccessBank pərakəndə istiqamətini də inkişaf etdirməyi planlaşdırır.
"Gələcək üç ildə güclü tərəflərimizdən istifadə etməyə davam edəcəyik və eyni zamanda gücləndirməyə ehtiyacı olan istiqamətlərə investisiya edəcəyik. Biz biznes müştərilərimiz üçün olduğu kimi, pərakəndə müştərilərimiz üçün də rahat şərait yaratmağa çalışırıq. O cümlədən iri şirkətlərlə işləyirik və onlara və onların əməkdaşlarına tam xidmət paketi təqdim etməyə çalışırıq ki, onlar üçün biz "ev" bankı olaq. Bu məqsədimizi həyata keçirə bilsək, yalnız biznes müştərilərini deyil, həm də digər bazar seqmentlərindən pərakəndə müştəriləri cəlb edə biləcəyik", - Tsiklauri vurğulayıb.
AccessBank biznes-proseslərin avtomatlaşdırılmasına böyük diqqət yetirir.
"Bankımızda bir çox proses artıq avtomatlaşdırılıb, çünki bu, yeni bir konsepsiya deyil. Maliyyə institutları avtomatlaşdırmaya 10-13 il əvvəl aktiv şəkildə başladılar. Bankımız müxtəlif proseslərdən ibarətdir, bunlar arasında müştəriyə xidmət (client-facing) və daxili proseslər (backend) var. Məsələn, Mərkəzi Banka təqdim olunan hesabatlar əvvəllər əl ilə hazırlanırdı, indi isə avtomatlaşdırılıb", - o deyob.
"AML-komplayans (pul yuyulmasının qarşısının alınması) da başqa bir nümunədir. 10-15 il əvvəl bütün yoxlama prosedurları əl ilə həyata keçirilirdi, indi isə avtomatik modellərdən istifadə edirik. Bu modellər tranzaksiyaları analiz edir və avtomatik olaraq şübhəli əməliyyatları aşkar edir. Avtomatlaşdırma daxili prosesləri də əhatə edir, məsələn, hesabların işlənməsi, bu da vaxtı əhəmiyyətli dərəcədə qənaət edir", - o əlavə edib.
"Bankımızda avtomatlaşdırıla bilən minlərlə proses var, və AccessBank daim onların yaxşılaşdırılması üzərində çalışır. Hər hansı bir proses çox vaxt alırsa və ya necə təşkil olunduğundan narazılığımız varsa, biz hər zaman onu optimallaşdırmaq üçün yollar axtarırıq", - o bildirib.
AccessBank yaxın gələcəkdə iki yeni filial açmağı planlaşdırır.
"AccessBank bölgələrdə şəbəkəni genişləndirmək istəyir, xüsusən də müştərilərin bank xidmətlərinə daha yaxşı çıxışını təmin etmək məqsədilə. Bəzi yerlərdə artıq müştərilərimiz var, amma ən yaxın filial 80-100 km məsafədədir. Bu səbəbdən müştərilər üçün daha yaxşı əlçatanlıq təmin etmək vacibdir", - o deyib.
"Bu il Quba, Masallı və Goranboyda yeni filiallar açdıq və Qəbələdə filialımızı genişləndirdik. Yeni bölgələrə daxil olarkən, ilk öncə kassasız filial açırıq və müştəri tələblərini test edirik. Əgər əməliyyatlar aktiv inkişaf edirsə, filialı tam işlək vəziyyətə gətiririk. Yaxın 12 ay ərzində aktiv iqtisadi fəaliyyət göstərən bölgələrdə iki yeni filial açmağı planlaşdırırıq", - o əlavə edib.
AccessBank iqlim maliyyələşdirməsinə xüsusi diqqət yetirir.
"Bugün ‘yaşıl’ enerji keçidi qlobal mövzudur və bu, işimizdə əks olunur. Məsələn, Global Climate Partnership Fund bizə iqlim maliyyələşdirilməsi üçün vəsaitlər təqdim edib. Bu yalnız hidroelektrik stansiyaların tikintisini deyil, həm də müəssisələrin avadanlıqlarının modernləşdirilməsini əhatə edə bilər", - o bildirib.
"Bankımız öz ‘yaşıl’ izini izləməyə başlayıb. Məsələn, bir işçinin nə qədər enerji və resurs istehlak etdiyini qiymətləndiririk və bu göstəriciləri azaltmağa çalışırıq. Yeni standartlar üzərində işləyirik və gələcəkdə səhmdarlarımıza məlumat verəcəyik", - deyib.
AccessBank iqlim hesabatı sistemini qurur.
"Fondlar getdikcə ‘yaşıl’ iqtisadiyyat, enerji səmərəliliyi və ekoloji izlə bağlı göstəriciləri tələblərinə daxil edir. Kreditorlar, bu göstəriciləri nəzərə alaraq kredit verirlər, məsələn, enerjinin istifadəsini artıran layihələrə ayrılacaq vəsaitlərlə əlaqədar məhdudiyyətlər ola bilər", - o deyib.
Onun sözlərinə görə, təşkilat belə bir kredit götürəndə müvafiq layihələri axtarmağa məcburdur.
"Bu vəsaitləri adi pərakəndə kreditlərə yönəltmək olmaz, çünki bu, kreditorlar qarşısında öhdəlikləri pozacaq. Bu, reputasiyamıza təsir edə bilər və çox güman ki, bu cür kreditorlar artıq bizimlə işləmək istəməyəcəklər. Əməkdaşlıq etdiyimiz xarici fondların demək olar ki, hamısının "yaşıl" iqtisadiyyatı nə qədər fəal dəstəklədiklərini müəyyənləşdirən "yaşıl" hədəfləri və reytinqləri var. Bu baxımdan, bu cür kreditlər aldıqdan sonra bu tələbləri fəaliyyətimizə necə inteqrasiya edəcəyimizi öyrənməyə başladıq", - o deyib.
Tsiklauri qeyd etdi ki, məsələni əsas hissələrə ayıranda, 3 əsas komponent ortaya çıxır:
1) Öz ekoloji səviyyəmiz. Müştərilərimizdən "yaşıl" iqtisadiyyat prinsiplərinə uyğun olmalarını tələb etməzdən əvvəl özümüzün bu prinsiplərə uyğun olduğundan əmin olmalıyıq.
2) Təchizatçılar və satınalmalar. Təchizatçılarımızın və alacağımız məhsulun ekoloji təmizliyini, məsələn, kağız, mebel və digər materiallar üzrə analiz edirik.
3) Müştərilər. Müştərilərimizin ekoloji yönümlü olub-olmadığını və kredit portfelimizin nə qədərinin "yaşıl" iqtisadiyyat layihələrini dəstəklədiyini araşdırırıq.
Onun sözlərinə görə, AccessBank artıq müştəri portfelini analiz etməyə başlayıb və bir çox müştərinin, bəlkə də bunun fərqində olmadan, kreditləri əməliyyatlarının enerji effektivliyini artırmaq üçün istifadə etdiyini müəyyən edib.
"Məsələn, kənd təsərrüfatında bəzi fermerlər ağacları suvarmaq üçün sistemlər tətbiq edib ki, bu da ənənəvi suvarma metodlarına nisbətən 80 faiz su qənaət etməyə imkan verir. Biz ekoloji hesabat sistemi (Green Reporting) yaratmağa başladıq ki, bu nailiyyətləri izləyək və sənədləşdirək, həmçinin kreditorlar qarşısında öhdəliklərimizi yerinə yetirək. Biz başa düşürük ki, bu yalnız bizim yolumuz deyil, həm də digər bankların, xarici maliyyə qurumlarından asılı olan yollarıdır. Bu təşəbbüslər artıq sadəcə planlar deyil, aktiv şəkildə həyata keçirilir. Biz bankımızın və müştərilərimizin "yaşıl" iqtisadiyyat prinsiplərinə uyğunluğuna böyük əhəmiyyət veririk", - deyə o qeyd edib.