Bakı. Trend:
PAŞA Bankın səhmlərinin ilkin ictimai yerləşdirmə prosesi (IPO – Initial Public Offering) kapital bazarına, eləcə də ölkə iqtisadiyyatının inkişafına əlavə təkan vermiş olacaq.
Trend xəbər verir ki, bunu bu gün PAŞA Bankın idarə heyətinin sədri Cavid Quliyev rəhbərlik etdiyi bankın təşkil etdiyi, IPO-ya həsr olunmuş tədbirdə çıxışında bildirib.
“Bu prosesin əsas amalı, yaratdığımız dəyəri daha geniş investorlar qrupu ilə bölüşmək və birgə böyüməyə davam etməkdir. PAŞA Bankın uğuru bilavasitə real sektordakı müəssisələrin və bizim tərəfdaşların dayanıqlı inkişafı ilə bağlıdır”,- deyə o qeyd edib.
C. Quliyevin sözlərinə görə, bu addımın arxasında sadə və aydın yanaşma dayanır: “Uzun illər ərzində yaratdığımız və formalaşdırdığımız dəyəri, etimadı və kapitalı daha geniş investor qrupu ilə bölüşmək.
Bankın idarə heyətinin tövsiyəsinə və səhmdarların qərarına əsasən, həmin dəyərin bir hissəsinin səhmlərin yerləşdirilməsi vasitəsilə bazar iştirakçılarına – ilk növbədə fiziki şəxslərə təklif olunması planlaşdırılır. Biz əminik ki, uzun illər ərzində qurulmuş güclü biznes modeli ilə yaradılmış dəyər yalnız PAŞA Bank daxilində deyil, daha geniş miqyasda da bölüşdürülməlidir”.
Bankın rəhbəri vurğulayıb ki, səhmlərin yerləşdirilməsi uzunmüddətli və dayanıqlı inkişafın daha da möhkəmləndirilməsinə, şəffaflığın və maliyyə dayanıqlığının artırılmasına yönəlib. IPO çərçivəsində bankın kapitalının 5 faizi – 932 926 ədəd adi səhm bazara təklif olunacaq.
